İtaliyada yaşayış xərclərinin artmasına qarşı keçirilən aksiyalar zamanı baş vermiş iğtişaşların vurduğu zərər ilkin hesablamalara görə, 1,1–1,6 milyon avro təşkil edir.
BEY.AZ xəbər verir ki, bu barədə İtaliyanın kiçik biznes assosiasiyası Unimpresa məlumat yayıb.
“Söhbət Unimpresa Tədqiqat Mərkəzinin bir gün əvvəl Milan, Bolonya, Turin və Berqamo şəhərlərində keçirilən nümayişlər zamanı baş vermiş toqquşmaların iqtisadi nəticələrinə dair ilkin qiymətləndirməsindən gedir”, – deyə məlumatda bildirilir.
Orta zərər məbləği təxminən 1,3 milyon avro qiymətləndirilir. Bu məbləğin təxminən dörddə üçü maddi zərər və əldən çıxmış gəlirlər də daxil olmaqla, ticarət müəssisələrinin və ictimai iaşə obyektlərinin payına düşür. Qalan hissə isə ictimai əmlaka və şəhər infrastrukturuna dəyən ziyanla bağlıdır.
Polisin məlumatına görə, ölkə üzrə etirazlar zamanı ümumilikdə iğtişaşlarda iştirak edən 197 nəfərin şəxsiyyəti müəyyən edilib, 28 nəfər saxlanılıb. Saxlanılanlardan 12-si yetkinlik yaşına çatmayanlar, 6-sı isə əcnəbilərdir. Daha 43 nəfər məsuliyyətə cəlb edilib. Xəsarət alan hüquq-mühafizə orqanları əməkdaşlarının ümumi sayı 141 nəfərə çatıb.
Milanda Duomo meydanına, əsasən, gənclər və yeniyetmələrdən ibarət təxminən 5 min nəfər toplaşıb. İğtişaşlar Broletto küçəsində başlayıb. Burada radikallar polisə daş, fişəng və butulkalar atıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə ediblər. Bundan sonra izdiham qruplara bölünərək Bossi küçəsi və II Viktor Emmanuel qalereyası istiqamətində hərəkət edib. Həmin ərazidə mağazaların vitrinləri dağıdılıb.
Hüseyn İbadlı
