“Sağlam ailə, Sağlam cəmiyyət” İctimai Birliyi fəaliyyət istiqamətlərini genişləndirərək ailə sağlamlığı, sağlam həyat tərzinin təşviqi və gələcək nəsillərin sağlamlığının qorunması sahəsində yeni layihələr həyata keçirməyi planlaşdırır. Təşkilatın yeni adı onun qarşısına qoyduğu məqsədləri və cəmiyyətə daha geniş miqyasda töhfə vermək niyyətini əks etdirir.
BEY.AZ xəbər verir ki, bu barədə “Sağlam ailə, Sağlam cəmiyyət” İctimai Birliyinin sədri Emin Nəbili məlumat verib.
Onun sözlərinə görə, təşkilat əvvəlki fəaliyyəti dövründə əsas diqqəti irsi xəstəliklərlə bağlı maarifləndirməyə yönəldib, regionlarda müxtəlif tədbirlər təşkil edərək əhalinin məlumatlılığının artırılmasına çalışıb.
E.Nəbili bildirib ki, zaman keçdikcə sağlam cəmiyyətin qurulması üçün daha geniş yanaşmanın vacibliyi aydın olub. Bu səbəbdən təşkilatın fəaliyyətinin yalnız müəyyən xəstəliklərlə bağlı maarifləndirmə ilə məhdudlaşmaması, ailələrin sağlamlığını və rifahını əhatə edən istiqamətlər üzrə də inkişaf etdirilməsi qərara alınıb.
“Bizim üçün ad dəyişikliyi sadəcə yeni adla fəaliyyət göstərmək demək deyil. Bu, əvvəlki təcrübəmizi qorumaqla yanaşı, yeni hədəflərə doğru irəliləmək, daha çox ailəyə və insana fayda vermək istəyimizin ifadəsidir. Sağlam cəmiyyətin formalaşması ailə sağlamlığından, düzgün həyat tərzindən və insanların bu sahədə məlumatlılığından başlayır”, – deyə təşkilat sədri qeyd edib.
O vurğulayıb ki, yeni fəaliyyət mərhələsində irsi xəstəliklərlə bağlı maarifləndirmə işləri davam etdiriləcək. Bununla yanaşı, uşaqların və gənclərin sağlamlığının qorunması, sağlam həyat tərzinin təşviqi, ailə dəyərlərinin möhkəmləndirilməsi və sosial məsuliyyətin artırılması istiqamətində də təşəbbüslər reallaşdırılacaq.
Təşkilat sədri əlavə edib ki, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün maarifləndirmə tədbirlərinin, sosial layihələrin və ictimai təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulur. Bu prosesdə dövlət qurumları, təhsil və səhiyyə müəssisələri, eləcə də digər ictimai təşkilatlarla əməkdaşlığa xüsusi əhəmiyyət verilir.
“İnanırıq ki, sağlam ailə dəyərlərinin qorunması və insanların sağlamlıqla bağlı biliklərinin artırılması cəmiyyətin gələcəyi üçün mühüm əhəmiyyət daşıyır. Yeni adımızla fəaliyyətimizi daha geniş istiqamətlərdə davam etdirərək sağlam gələcəyin formalaşmasına öz töhfəmizi verməyə çalışacağıq”, – deyə E.Nəbili bildirib.
