Məhkəmə Əfqan Nağıyevin həbsdə olan qardaşı ilə bağlı YENİ QƏRAR VERDİ
BEY MEDIA İnformasiya agenti xəbər verir
Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-leytenant Əfqan Nağıyevin həbsdə olan qardaşı Elxan Nağıyevin cəza müddəti uzadılıb.
Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsi onun barəsində yeni hökm çıxarıb. Hökmə əsasən, E.Nağıyev 9 il müddətə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Elxan Nağıyev özü də DSX-də vəzifəli şəxs olub. İttihama görə, polkovnik-leytenant E.Nağıyev “Sərhədçi” İdman Kompleksinin rəis müavini vəzifəsində çalışarkən adamları işə düzəltmək, birgə biznes qurmaq adıyla aldadıb. Dələduzluq ittihamı ilə 2020-ci ilin noyabrında 6 il həbs cəzası alıb. 2021-ci ilin fevralında yeni şikayətlər əsasında ona qarşı yenidən cinayət işi başlanıb.
Qeyd edək ki, Əfqan Nağıyev özü də 2020-ci ilin mayında həbs edilib. O, Xəzər dənizində dövlət sərhədini qanunsuz keçərək həmsərhəd ölkələrin ərazi sularında balıq ovu ilə məşğul olmaları üçün balıqçılardan rüşvət almaqda ittiham olunub. Lakin general Nağıyev həbsindən 3 ay sonra azadlığa buraxılıb və cinayət işinə bəraətverici əsaslarla xitam verilib.
Bunun ardınca Vətən Müharibəsinə qoşularaq strateji yüksəkliklərin azad edilməsi əməliyyatına rəhbərlik edib. Müharibə bitdikdən sonra Prezident İlham Əliyevin sərəncamı ilə Əfqan Nağıyevə “Qarabağ” ordeni, “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.