Quruyan Köklər əməliyyatı: Türkiyədə baronlar saxlanıldı
Bu gün Türkiyə polisi ölkədə tarixi əməliyyat keçirib.
BEY.AZ Teleqraf.coma istinadən xəbər verir ki, Diyarbəkir, İstanbul, Bursa, Batman, Şanlıurfa, Van, Muş, Bitlis, Ərzurum, Əskişəhər və Mardində keçirilən “Quruyan Köklər” adlı əməliyyat eyni saatda başlayıb.
Əməliyyat zamanı həm baronlar, həm də narkotik alverçiləri bir-bir müəyyən edilib. 4000-dən çox polis və jandarma 292 hədəfdə reyd keçirib, 213 nəfər saxlanılıb.
Əməliyyatla bağlı Türkiyə Daxili İşlər naziri Süleyman Soylu məlumat verib.
Nazir bildirib ki, bu, asan əməliyyat deyil: “Bu əməliyyatın öz xüsusiyyətləri var. Əvvəldən bir-bir dinləmələr aparılıb, izləmə həyata keçirilib. Hüquqi sübutlar tapıldıqdan sonra əməliyyata başlanılıb. Çoxlu qadağan olunmuş sursat və narkotik vasitələr ələ keçirilib. Baronlar və alverçilər saxlanılıb”.
“Bu anda polisin daxil olduğu ünvanlardakı Kalaşnikov avtomatları, narkotik və digər qanunsuz vasitələr ələ keçirilib. Təbii ki, bir tərəfdən narkotiklər, digər tərəfdən isə narkotiklərdən terrorun maliyyələşdirilməsi var”,- nazir deyib.
4200 polis, 2 helikopter və 20 itin iştirak etdiyi əməliyyatla kimyəvi narkotik satan bütün şübhəlilərin bir anda tutulması planlaşdırılır.
292 şübhəliyə aid 205 ünvanda qruplar tərəfindən axtarışlar davam edir.