Bu gün Zəfər Günüdür
BEY.AZ informasiya agentliyi xəbər verir
Bu gün Azərbaycanda Qarabağda qazanılan qələbənin ikinci ildönümü – Zəfər Günü qeyd olunur. Zəfər Günü 2020-ci il dekabrın 3-də Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsis edilib.
Metbuat.az xatırladır ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynadı. Düşmənin siyasi-hərbi rəhbərliyi məğlubiyyəti etiraf etdi və hərbi əməliyyatları dayandırdı.
Şuşanın işğaldan azad edilməsi əməliyyatı tarixdə əbədi qalacaq. Qarabağın tacı, döyünən ürəyi Şuşa təbii istehkam olduğundan şəhərə tanklarla, yaxud digər ağır silahlarla girmək mümkün deyildi. Onu almağın iki variantı vardı. Birinci halda şəhərdəki düşmən qüvvələrini hava zərbələri, top atəşləri ilə məhv etmək olardı. Komandanlıq buna getmədi. Çünki şəhərin bombardman edilməsi böyük dağıntılara səbəb olacaqdı. Buna görə də alternativ variant kimi əlbəyaxa döyüş taktikası seçildi. Qəhrəman əsgər və zabitlərimiz yüngül silahlarla qalın meşələrdən, qayalar, dağlar aşaraq düşməni üzbəüz döyüşdə məhv etdi. Şuşanın işğaldan azad olunması ilə Ermənistan ordusu diz çökdüyünün fərqinə vardı və işğalçı ölkənin hərbi-siyasi rəhbərliyi İkinci Qarabağ müharibəsində üzləşdikləri məğlubiyyətlə barışmalı oldu. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə – Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd edilir.
2020-ci il noyabrın 9-dan 10-a keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə üçtərəfli bəyanat imzalanıb. Ermənistan həmin gün kapitulyasiya aktına imza atıb. Bununla da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulub. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında hər gün yeni-yeni kənd və şəhərləri işğaldan azad edən Rəşadətli Azərbaycan Ordusunun gücü qarşısında duruş gətirə bilməyən Ermənistan noyabrın 10-da kapitulyasiya aktına imza atmalı oldu.
10 noyabr bəyanatına əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları sülh yolu ilə Azərbaycana qaytarılıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.