Prezident İlham Əliyev İraq Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşüb
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşüb.
Metbuat.az xəbər verir ki, ölkəmizdə olmaqdan məmnunluğunu bildirən Əbdüllətif Camal Rəşid Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünə dəvətə görə dövlətimizin başçısına minnətdarlığını ifadə etdi.
İraq Prezidenti Qoşulmama Hərəkatının indiki dövrdə beynəlxalq münasibətlərdə xüsusilə çox böyük rola malik olan bir təsisat olduğunu dedi.
Dövlətimizin başçısı İraq Prezidentinə ölkəmizə səfər etdiyinə görə təşəkkürünü bildirdi. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin başa çatmaq ərəfəsində olduğunu qeyd edən Prezident İlham Əliyev sədrlik dövründə ölkəmizin Hərəkatın inkişafı naminə səylərini əsirgəmədiyini, onun təsisatlanması ilə bağlı bir sıra təşəbbüslər irəli sürdüyünü bildirdi, bu xüsusda Hərəkatın parlament və gənclər şəbəkəsinin yaradılmasını qeyd etdi. Dövlətimizin başçısı Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının 3-cü Zirvə toplantısının da ölkəmizdə keçirildiyini vurğuladı.
Prezident İlham Əliyev Ərəb Dövlətləri Liqasının Əlcəzairdə keçirilmiş Sammitində iştirakını məmnunluqla xatırladı, Azərbaycanın Ərəb dövlətləri ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini bildirdi.
İraq Prezidenti ölkəsinin Azərbaycanla münasibətləri daha da möhkəmləndirməkdə maraqlı olduğunu dedi, əməkdaşlığımızı genişləndirmək üçün yaxşı imkanların mövcudluğunu qeyd etdi.
Əbdüllətif Camal Rəşid İraqın üzləşdiyi problemlər və təhlükəsizliyə təhdid yaradan hallar barədə məlumat verdi, ölkəsinin artıq sabitlik mərhələsinə qədəm qoyduğunu bildirdi.
Azərbaycan Prezidenti ölkələrimizin beynəlxalq təşkilatlarda yaxından əməkdaşlıq etməsi üçün geniş imkanların olduğunu bildirdi və bu xüsusda OPEC+ və digər formatlar qeyd edildi.
Dövlətimizin başçısı pandemiya dövründə Azərbaycanın Qoşulmama Hərəkatına üzv dövlətlərə, həmçinin İraqa humanitar dəstək göstərdiyini vurğuladı.
Azərbaycan Prezidenti İraq dövlətinin başçısını ölkəmizə həmçinin rəsmi səfərə dəvət etdi. Əbdüllətif Camal Rəşid dəvəti məmnunluqla qəbul edərək, öz növbəsində dövlətimizin başçısını İraqa səfərə dəvət etdi.
Söhbət əsnasında dövlət başçıları sərmayələr, enerji, tikinti, nəqliyyat, təhsil sahələrində əməkdaşlıq məsələlərini müzakirə etdilər, ikitərəfli iqtisadi ticarət balansının genişləndirilməsinin və işgüzar dairələrin nümayəndə heyətlərinin səfərlərinin təşkil olunmasının əhəmiyyətini vurğuladılar.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Prezident #İlham #Əliyev #İraq #Prezidenti #Əbdüllətif #Camal #Rəşid #ilə #görüşüb