Ard-arda xəbərdarlıqlar edildi: Azərbaycan əməliyyatlara başlayacaq?
BEY.AZ informasiya agentliyi xəbər verir
“Xarici İşlər Nazirliyinin, daha əvvəl isə Müdafiə Nazirliyinin iki bəyanatını nəzərə alsaq, Azərbaycan tərəfinin Qarabağ iqtisadi rayonunda hələ də qalmaqda davam edən erməni silahlılarının təmizlənməsi üçün əməliyyata başlaması ehtimalı çox böyükdür”.
Bu fikirləri Metbuat.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Martın üçündə baş verən silahlı insident nəticəsində Azərbaycan ordusunun iki hərbi qulluqçusunun həlak olması faktının birmənalı olaraq Rusiya sülhməramlı kontingentinin üzərinə düşən funksiyaları tam yerinə yetirməməsi kimi ifadə edən hərbi ekspert vurğuladı ki, ərazidə hələ də erməni silahlılarının qalması bu kimi hadisələrin gələcəkdə təkrarlanmaması və həmin erməni silahlılarının təchizat zəncirinin kəsilməsi məqsədilə Azərbaycan iki vacib funksiyanı yerinə yetirməlidir.
Hərbi ekspert Ədalət Verdiyev
“Bu tədbirlər çərçivəsində Azərbaycan ilk növbədə Ermənistanla şərti sərhəddə nəzarət buraxılış məntəqəsini inşa etməli, paralel olaraq da erməni silahlılarının ərazidən çıxarılmasını təmin etməlidir. Bunun üçün də danışıqlar heç bir nəticə vermir. Rusiya sülhməramlıları da öz funksiyalarını tam həcmdə yerinə yetirmədiyi üçün təmizləmə prosesini Azərbaycanın qəhrəman ordusu öz üzərinə götürmək məcburiyyətindədir. Böyük ehtimalla yaxın günlərdə biz ərazidə erməni silahlılarının təmizlənməsi prosesini müşahidə edəcəyik”.
Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclər və ekoloqlar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası 89 gündür davam edir.
Bəs erməni silahlılarına qarşı yeni hərbi əməliyyatlar keçiriləcəyi təqdirdə ərazidə fəalların təhlükəsizliyi necə təmin ediləcək?
Ədalət Verdiyev bu sualımıza cavab olaraq bildirdi ki, aksiyanın keçirildiyi ərazi, təmizlənmə əməliyyatının keçiriləcəyi ərazi ilə üst-üstə düşməyəcək.
“Böyük ehtimalla Azərbaycanın təmizləmə prosesinə Ağdərə istiqamətindən başlayacağı daha real görünür. Odur ki, hadisələri bir-biri ilə əlaqələndirmək doğru olmazdı. Bunlar bir-birinə mane olmur. İkinci bir məsələ isə, sərhəd-keçid məntəqəsinin yerləşdirilməsidir. Bu da Azərbaycan üçün problem yaratmır. Çünki beynəlxalq təcrübədə sülhməramlı kontingentin iki ölkə arasındakı sərhəddə nəzarət funksiyası yoxdur. Belə bir funksiya birgə bəyanatda nəzərdə tutulmayıb. Prezident İlham Əliyevin də daha əvvəl səsləndirdiyi kimi, bu nəzarət buraxılış məntəqəsi mütləq qurulacaq”.
Azərbaycan Prezidenti İlham Əliyev “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edərkən.
Prezident İlham Əliyev martın 9-da Bakıda işə başlayan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı mühüm mesajlar verərək bildirdi ki, Ermənistanla münaqişəni dinc yolla həll etmək üçün əlimizdən gələni etdik. Müxtəlif etnik qrupların və konfessiyaların nümayəndələrinin Azərbaycanda ləyaqətli və dinc şəraitdə yaşadıqlarını vurğulayan dövlətimizin başçısı deyib ki, “ona görə əminəm ki, Azərbaycanın Qarabağ regionunda yaşayan ermənilərin həyatı işğal dövründən fərqli olaraq, bundan sonrakı dövrdə daha yaxşı olacaq”.
Dövlət başçısının bu açıqlamasını şərh edən siyasi ekspert Azər Qasımov Metbuat.az-a bildirdi ki, Prezidentin bəyan etdiyi kimi Azərbaycan çalışır ki, problemləri sülh yolu ilə həll etsin və bu günə kimi bunun üçün çalışıb.
Siyasi ekspert Azər Qasımov
“Bu, Azərbaycanın tək Ermənistana yox, xarici maraqlı qüvvələrə də son mesajıdır. Prezident bu yolla bu qüvvələrə şərait yaradır ki, əgər regionda sülhdə maraqlıdırlarsa, bunun üçün ciddi hərəkətə keçsinlər. Əks təqdirdə vəziyyətin gərginləşməsi tək region ölkələri üçün yox, beynəlxalq səviyyədə gərginliyə səbəb olacaq. Bir daha qeyd etmək istəyirik ki, Azərbaycan regionda qarşıdurma istəmir və Ermənistanla, həm də Qarabağ erməniləri ilə sülh şəraitində yaşamaq istəyir”.
Analitikin fikirlərinə görə, Azərbaycan qalib tərəf kimi yenə də öz böyüklüyünü göstərib, öz ambisiyalarını məğlub tərəfə qəbul etdirmək yolunu tutmur, olanları keçmişdə saxlayıb, yeni səhvə açmaq istəyir. Azər Qasımov hesab edir ki, Azərbaycan son anda “Bir gecə ansızın gələ bilər” hüququnu da özündə saxlayır.
“Qarabağ ərazisindəki qanunsuz erməni birləşmələrinin regiondan çıxarılması göründüyü kimi tək regional yox, beynəlxalq təhlükəsizliyə təhlükə yaradır. Bu vəziyyətdə də, onlara qarşı antiterror əməliyyatının keçirilməsi Azərbaycan üçün hər an gündəmdə duran məsələdir. Bunun olar-olmaz tərəfi yoxdur. Sakitliklə olmasa da, mütləq güc yolu ilə olacaq”.
Gülbəniz Hüseynli / Metbuat.az
Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusu üzrə dərc olunub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ardarda #xəbərdarlıqlar #edildi #Azərbaycan #əməliyyatlara #başlayacaq