XİN Elnur Məmmədovun ABŞ-a səfərinin yekunlarına dair məlumat yayıb
BEY.AZ informasiya agentliyi xəbər verir
Mayın 17-dən Amerika Birləşmiş Ştatlarında işgüzar səfərdə olan xarici işlər nazirinin müavini Elnur Məmmədovun 22-24 may tarixlərində ikitərəfli görüşləri davam edib.
XİN-dən Metbuat.az-a verilən xəbərə görə, qeyd edilən tarixlərdə əlavə olaraq ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri Çak Edvards, Pit Seşns, Don Beykon, Madelin Din, Adam Smit, Pol Qosar və Bet van Duyn ilə görüşlər keçirilib.
Görüşlərdə Azərbaycan-ABŞ ikitərəfli münasibətləri, bölgəmizdə gedən proseslər çağırışlar müzakirə edilib. Həmçinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi və post-münaqişə dövründə işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işləri barədə Konqres üzvlərinə məlumat verilib, ölkəmizin üzləşdiyi mina probleminin hazırda məcburi köçkünlərin öz torpaqlarına qayıtması üçün böyük maneə yaratdığı qeyd edilib.
Görüşlərdə, həmçinin ABŞ-da fəaliyyət göstərən radikal erməni təşkilatlarının ölkəmizlə bağlı Konqres üzvlərinə təqdim etdikləri həqiqətə uyğun olmayan və əsassız məlumatların, bu çərçivədə ABŞ Konqresinin üzvləri tərəfindən birtərəfli və ABŞ-nin milli maraqlarına xidmət etməyən qətnamələrin irəli sürülməsinin iki ölkə arasında əlaqələrlə yanaşı, hazırda davam edən sülh danışıqlarına da zərər verdiyi vurğulanıb. Konqres üzvlərini maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində nümayəndə heyətinin ABŞ Dövlət və Müdafiə Departamentlərində görüşləri baş tutub. Dövlət Departamentində Azərbaycan nümayəndə heyəti ABŞ dövlət katibinin hərbi-siyasi məsələlər üzrə köməkçisinin birinci müavini Stenli Braun, Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olson və demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisinin müavini Kara MakDonald ilə görüşüb.
Görüşlərdə Azərbaycan-ABŞ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, regional təhlükəsizlik məsələləri, işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi, habelə iki ölkə arasında hərbi-siyasi, humanitar və digər sahələrdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Nümayəndə heyəti ABŞ Müdafiə Departamentində müdafiə katibinin köməkçisinin Rusiya, Ukrayna və Avrasiya üzrə müavini Laura Kuper ilə görüşüb. Tərəflər iki ölkə arasında müdafiə, hərbi təlim və tədris, habelə Oklahoma Milli Qvardiyası ilə ölkəmizin hərbi qurumları arasında əməkdaşlığın inkişafı perspektivi ətrafında müzakirə aparıb. Azərbaycanla-ABŞ arasında müdafiə, o cümlədən regional və qlobal terrorçuluqla mübarizə sahəsində mövcud əməkdaşlıqdan məmnunluq ifadə olunub.
Nümayəndə heyətinin ABŞ-a səfəri çərçivəsində nazir müavini E.Məmmədov və ABŞ-ın aparıcı tədqiqat qurumları olan Atlantik Şura, İrs Fondu, Beynəlxalq Sülh Naminə Karnegi Fondu, ABŞ Sülh İnstitutu, ABŞ Hərbi Dəniz Qüvvələri Ali Məktəbi, Yaxın Şərq üzrə Vaşinqton İnstitutu və Hadson İnstitutunun nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib.
Tədqiqatçılara Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, regional təhlükəsizlik və ölkəmizin xarici siyasəti barədə ətraflı məlumat verilib və mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində nümayəndə heyəti həmçinin, Amerika-İsrail İctimaiyyətlə Əlaqələr Komitəsinin (AIPAC) rəhbər heyəti ilə görüş keçirib və müsahibə verib.
Görüş zamanı Azərbaycan və ABŞ arasında enerji sahəsində əməkdaşlıq, o cümlədən, ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə, post-münaqişə dövründə regionda baş verən proseslər, eləcə də, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində aparılan danışıqlar və Azərbaycan-İsrail strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparılıb.
Nümayəndə heyətinin ABŞ-a səfəri mayın 24-də yekunlaşıb.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#XİN #Elnur #Məmmədovun #ABŞa #səfərinin #yekunlarına #dair #məlumat #yayıb