Yay ayında uşaqlar necə qidalanmalıdır?
BEY.AZ informasiya agentliyi xəbər verir
Havanın temperaturu yüksəlməyə başladıqca gündəmə qidadan zəhərlənmə hadisələri gəlməyə başlayır. Xüsusən də yay aylarında qida zəhərlənməsi riski daha yüksəkdir. Tez xarab olan qidaların qəbulu zaman isə xüsusilə diqqətli olmaz lazımdır.
Metbuat.az bu barədə qida məsələləri üzrə mütəxəssis Ağa Salamov ilə müsahibə aparıb. Müsahibimiz bildirdi ki, xüsusilə azyaşlıların dondurma, toyuq, balıq, ət, yumurta,süd və moyonezli qidalar ilə qidalanması zamanı həmin məhsulların saxlama şəraitinin düzgün olduğuna diqqət yetirmək vacibdir. Çünki əks halda zəhərlənmə halları, qusma, qızdırma, ishal qaçınılmaz olacaqdır.
Ağa Salamov
“Yay aylarında temperaturun artması ilə özünü göstərən problemlərdən xilas olmaq üçün uşaqların düzgün və sağlam qidalanmağını təmin olunmalıdır. Uşaqlar yemək vərdişlərində valideynlərindən örnək aldıqlarından valideynlərin də bir masa arxasında istehlak edəcəyi qidalara diqqət yetirərək, sağlam qidalara üstünlük verməsi çox vacibdir. Buna görə etibar etdiyiniz korporativ markaların məhsullarını seçdiyinizə əmin olun. Göyərti və meyvələri təmiz və sirkəli su ilə yuyun. Meyvələr uşaqların sağlam qidalanmasında vacib bir yerə sahibdir. İnsan sağlamlığına olan faydaları da qaçılmazdır. Hər bir meyvə müxtəlif vitamin və minerallardan ibarətdir. Buna görə vucudumuza olan faydaları da fərqlidir. Meyvələrin tərkibində olan A, C və E vitaminləri bədənimizin həyati funksiyalarını qoruyan antioksidanlardır. Xüsusilə C vitamini olan meyvələr dəmirin sorulmasını asanlaşdırır və bədənin xəstəliklərə qarşı müqavimətini artırır. Bundan əlavə, albalı, ərik, şaftalı, banan, qarpız və qovun kimi meyvələrdə olan vitaminlər immun sistemini gücləndirdiyi üçün uşaqlara verilməsi tövsiyə olunur”.
Mütəxəssis xüsusilə “Fast food” restoranlarında yeyilən qidaların tərkibi ilə bağlı vacib məqama toxunaraq vurğuladı ki, həmin qidaların tərkibində A, C vitaminləri və kalsium çox az olduğu üçün vacib olan bu vitaminlər bədənə daxil olmadıqda katarakt, ürək , eləcə də digər xroniki xəstəliklərə tutulma ehtimalını artırır.
“Fast food”la birlikdə istehlak edilən kolalı, qazlı içkilərin insanın kökəlməsinə, həzm sistemində problemlər yaranmasına səbəb olduğunu qeyd edən A.Salamov bildirdi ki, həddindən artıq kofein qəbulu əsəbilik, yuxusuzluq gətirir, qan təzyiqində yüksəlmə riskini artırır.
“Uşaqların sağlam qidalanmasında 10 əsas məsələyə diqqət edilməlidir. Övladlarınızı şəkərli və qazlı içkilərdən uzaq tutun. Ev şəraitində hazırlanmış təbii kompot, dovğa və ya ayran içirin. Azyaşlılara yemək yemələri üçün məcbur etməyin. Yayda iştah azalır deyə yüngül qidalara üstünlük verin. Masaya qoyduğunuz sağlam qidaların sağlamlığa faydalı olduğunu uşaqlara başa salın. Ümumiyyətlə altı yaşa qədər uşaqların qidalanması ilə bağlı pediatrla məsləhətləşmək lazımdır. Mümkün qədər az şirniyyat yemələri məsləhət görülür. Uşaqları “Fast Food” – hazır ayaqüstü tez hazırlanan qidalardan uzaq tutmaq lazımdır. Hisə verilmiş balıq, konserva tipli məhsulları övladlarınıza verməyin. Analar hazırlayacaqları yeməklərdə trans yağ əvəzinə, quyruq və ya kərə yağından istifadə etsələr faydasını da görəcəklər. Xüsusəndə salatların hazırlanmasında isə “Extra Virgin” zeytun yağı əlavə edilməlidir. Sağlam qidalanma ilə yanaşı, idman da bu fəaliyyətlərə daxil edilərsə övladlarının inkişafına töhfə vermiş olacaqlar”.
Gülbəniz Hüseynli / Metbuat.az
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Yay #ayında #uşaqlar #necə #qidalanmalıdır