Lukaşenko Priqojinə nə vəd etdi ki, “Vaqner” geri qayıtdı? – Təcili
Belarus lideri Aleksandr Lukaşenko sözün hər mənasında Rusiya Prezidenti Putinin nəinki danışan dili, həm də ən çətin situasiyada danışıqlar aparan etibarlı adamı olduğunu sübut etdi.
Məhz Lukaşenkonun bu gün səhər saatlarında Rusiya liderinə zəngi və müzakirələr aparması, bunun ardınca isə “Vaqner” rəhbəri Yevgeni Priqojinlə birbaşa ünsiyyətə keçməsi Rusiyanı dəhşətli vətəndaş müharibəsindən xilas etdi.
Lukaşenkonun Priqojinlə danışıqları bütün gün ərzində davam edib, nəhayət, “Vaqner”in geri, Ukraynadakı mövqelərinə qayıtması razılaşdırılıb.
Bəs, Lukaşenko Priqojinə nə vəd edib?
Putin bu gün saat 11:00-da xalqa müraciətində ad çəkməsə də, Priqojin və dəstəsinin əvvəlki xidmətlərinin nəzərə alınmayacağını, bu addımın xəyanət olduğunu və xəyanətkarların ən ağır şəkildə cəzalanacağını bildirmişdi. Bu isə gərginliyi daha da artırmışdı.
Belarus Prezidenti Administrasiyasının yaydığı məlumatdan belə aydın olur ki, Putin fikrini dəyişib. Belə ki, “Vaqner” döyüşçülərinin “təhlükəsizliyinin təminatı” məsələsi müzakirə edilib və onlara tam təminat verilib.
Putin üsyana qalxan Priqojini bağışladımı? Niyə?
Bunun çoxsaylı səbəbləri var:
– Priqojin Rusiya Qəhrəmanıdır, Ukraynada ən ağır döyüşlərə öz ordusu ilə girib və girdiyi bütün döyüşlərdə uğur qazanıb;
– Priqojin və vaqnerçilərin Rusiyada necə qarşılandığı sadəcə, heyrətamiz idi: bəlli oldu ki, xalq bütövlükdə vaqnerçiləri qəhrəman hesab edir. Hətta Rostovda onlarla selfi çəkdirənlər, mağazada alver edərkən pul almayanlar, azuqə alıb, xidmətdə olan vaqnerçilərə verənlər vardı… Bunlar kütləvi halda idi;
– O da bəlli oldu ki, Rusiya ordusu, sərhədçilər vaqnerçilərə qətiyyən güllə atmaq niyyətində deyillər. Vaqnerçilər sadəcə onlara “siz qarışmayın” deyirdilər və ordu da, sərhədçilər də dərhal geri çəkilirdi.
Bu, qorxu yox, vaqnerçilərə qəribə şəkildə böyük hörmətin əlaməti idi. Bunun nəticəsi idi ki, Rusiyanın Cənub Hərbi Dairəsinin qərargahını vaqnerçilər bircə güllə belə atmadan ələ keçirmişdilər.
Əlbəttə ki, “Vaqner”i FTX və Rusiya Milli Qvardiyası dayandırmağı bacaracaqdı. Xüsusilə bu toqquşmanın Moskva vilayətində olacağı gözlənilirdi. Ancaq vaqnerçilər də Rusiya Qvardiyası və FTX-yə ciddi itkilər yaşadacaqdı: Putinin əsas dayaqları sarsıla bilərdi ki, bundan da ordu daxilində bəzi qüvvələr istifadə edəcəkdi.
Beləliklə, Putin ən dəhşətli ssenaridən, ağır zərbədən qansız xilas oldu.
Bəs, Priqojin nə əldə etdi?
Priqojinin heç nə əldə etmədən, sadəcə, “təhlükəsizlik zəmanəti” ilə geri çəkildiyini düşünmək mümkün deyil. Yalnız təhlükəsizlik zəmanəti idisə, onda Rusiyaya 25+ minlik peşəkar ordu ilə girməyə heç ehtiyac da yox idi.
Priqojinə dəqiq nələr vəd edildiyini yaxın müddətdə biləcəyik. Ancaq ilkin ehtimalımız budur:
– Rusiyada “Vaqner”ə ötən gün doğrudan da Rusiya ordusunun zərbə endirib-endirmədiyi ilə bağlı araşdırmalar başlayacaq;
– Rusiya Baş Prokurorluğunda başlayan cinayət işinin istiqaməti dəyişdiriləcək, Rusiya MN də istintaqa cəlb ediləcək və təhqiqat “əsl günahkarı” tapana qədər uzanacaq;
– Rusiya Müdafiə Nazirliyinin rəhbərliyində ciddi silkələnmələr olacaq – çox mümkündür ki, dəyişiklik də baş versin;
– “Vaqner”in təminatı və təchizatında müsbətə doğru ciddi dəyişiklik olacaq.
Priqojinin artıq Lukaşenko vasitəsilə də olsa, birbaşa Putinlə işləyəcəyi vədinin də verildiyini ehtimal etmək olar.
Bu, Putinin tələsi ola bilərmi?
Bu, çox az ehtimaldır. Putin “Vaqner”i Ukraynaya geri qaytarmaqla, əslində istəyinə nail oldu: “Vaqner” onsuz da Ukraynada ciddi qan itirəcək, onu aradan götürməyə və müharibədə əsas döyüşən qüvvəni sıradan çıxarmağa hazırda ehtiyac yoxdur.
Ancaq Priqojinin “dəli” olduğu da üzə çıxdı və Putin bir daha ona etibar etməyəcək.