“Jurnalistika və sülh quruculuğu” mövzusunda milli vəsaitlər hazırlanmalıdır
BEY.AZ informasiya agentliyi xəbər verir
Məlumat gücdür, ictimai rəyə təsir edir, insanların qavrayışlarını dəyişdirə bilir. Beynəlxalq sənədlərdə qeyd edilir ki, məlumatın istehsalçısı və yayıcısı olan medianın gücündən faydalanıb sülhyaratma prosesinə də töhvə vermək mümkündür.
Beynəlxalq statuslu Free Press Unlimited təşkilatının hazırladığı “Sülh quruculuğu və media” adlı hesabatda, həmçinin, “Deutsche Welle”in Almaniya Jurnalistlər Birliyi (VERDİ) ilə birgə hazırladığı “Media və münaqişə hesabatı”nda vurğulanır ki, münaqişə tərəfi olmuş cəmiyyətlər arasında davamlı, dayanıqlı sülhün əldə edilməsi üçün həmin icmalar sülhə hazırlanmalıdırlar. Münaqişədə olmuş icmaların sülhə hazırlanması üçün istifadə edilməsi tövsiyyə olunan ən mühüm alət qismində isə media göstərilir.
Adı çəkilən hesabatlarda o da vurğulanır ki, sülh quruculuğu prosesinə cəlb edilmiş KİV və jurnalistlər mövzu üzrə təlimatlandırılmalıdırlar, düzgün istiqamətdə çalışmaq bacarığına sahib olmalıdırlar. Mövzu üzrə material hazırlamaq üçün vərdişləri formalaşmalıdır.
Jurnalistlər bu istiqamətdə bacarıqlarını inkişaf etdirmək, bilgi almaq üçün hansı mənbələrə müraciət etməlidirlər?
Suallarımızı müstəqil jurnalist, hərbi reportyor, media mütəxəssisi Seymur Kazımov cavablandırıb.
Sual: “Sülhyaratma prosesində medianın rolu” mövzusunda nəzəri bilgilər almaq istəyən Azərbaycan jurnalistlərinə hansı mənbələrə üz tutmağı tövsiyyə edərdiniz? Azərbaycanda bu mövzuda milli vəsaitlər dərc edilibmi?
Cavab: Azərbaycan müəlliflərinin konkret bu mövzuda hazırladıqları vəsaitə rast gəlməmişəm. Çox güman ki, belə bir vəsait yoxdur. Mən özüm mövzu üzrə nəzəri bilgilərlə yalnız beynəlxalq təşkilatların hazırladıqları hesabatlarda, bukletlərdə və broşürlərdə tanış olmuşam.
Sual: Mövzu üzrə yerli vəsaitlərin hazırlanmamasının səbəblərini nədə görürsünüz?
Cavab: Birinci səbəb odur ki, 2020-ci ildə baş vermiş 44 günlük müharibəyə qədər ortada işğal faktoru var idi. Azərbaycanın torpaqları işğal altında idi. Münaqişə tərəflərindən biri işğal siyasətinə haqq qazandırmağa çalşırdısa, o zaman münaqişədə olmuş cəmiyyətlər arasında sülühün yaradılması, barışın reallaşması da mümkün deyildi. Düzdür, müxtəlif platformalarda sülh quruculuğu üçün təşəbbüslər göstərilib. İstər dövlətlərarası münasibətlər, istərsə də beynəxalq təşkilatlar sülhyaratma və sülh quruculuğunda təşəbbüslərdə iştirak ediblər. Amma reallıqda bunun tətbiqi mümkün olmayıb. Çünki ortada işğal faktoru qalmaqda idi. Fikrimcə, Azərbaycanın torpaqları işğal altında saxlanıldığı dövrdə cəmiyyətlərarası barış üçün real zəmin olmadığından, medianın sülh quruculuğu prosesində rolunu ehtiva edən vəsaitlərin hazırlanmasına da diqqət yetirilməyib.
Media və sülh quruculuğu mövzusunda milli vəsaitlərin hazırlanmamasının digər bir səbəbini isə mövzu üzrə ixtisaslaşmış yerli mütəxəssislərin sayının az olmasında görürəm.
Sual: Beynəlxalq təşkilatlar narahatlıqla qeyd edirlər ki, jurnalistlərin sülh quruculuğu prosesinə cəlb edilmələrinə neqativ təsir göstərən amillər mövcuddur. Belə ki, jurnalistlər özləri də münaqişədə olmuş icmalardan birinin üzvüdürlər və bu, onların emosional halını formalaşdırır. Nəticədə jurnalistlərin sülh quruculuğu prosesində peşəkar, obyektivi ştiraklarını əngəlləyir. Siz 44 günlük müharibə dövründə döyüş bölgələrində reportyor kimi çalışmısınız. Sülh quruculuğunda iştirak edən jurnalistikaya transfer etməkdə hansı çətinlikləri yaşayırsınız? Müharibə reportyoru kimi fəaliyyət göstərmiş jurnalisthəm də sülhyaratma prosesi barədə obyektiv materiallar hazırlaya bilərmi?
Cavab: Müharibə reportyoru müharibənin davam etdiyi ərəfədə yalnız xəbər, reportaj və müsahibə hazırlaya bilir. Bu da cari hadisələrin işıqlandırılması deməkdir. Yəni, aktiv hərbi əməliyyatlar gedən zaman cəmiyyət üçün cəbhədən gələn xəbərlər daha maraqlı olur. Doğrudur, bu, sülh təşəbbüsü ilə çıxış edən qrup və icmaların fəaliyyətini görməzdən gəlməyə əsas yaratmır. Onların da səsi eşidilməlidir. Cəmiyyətə alternativlər verilməlidir ki, sadə insanlar müharibə və onun ərafındakı reallığı daha aydın analiz edə bilsinlər.
Konkret olaraq mənim jurnalist kimi sülh quruculuğu prosesində iştirakım məsələsinə gəlincə, deyim ki, mən onunla məşğul olmamışam. Məni haradasa sülh qurucusu adlandıranda da etiraz etmişəm. Çünki o, tamam başqa sahədir, özünün mütəxəssisləri vardır. Bu tip prosesdə yalnız ayrı-ayrı media komponentlərinin layihələrin iştirak etmişəm.
Amma, təbii ki, sülhün tərəfdarıyam. Fikrim budur ki, media sülh çağırışı edənlərə ideyalarını çatdırmaq üçün platforma verməlidir.
tərəfindən, Müşfiq Ələsgərlinin müəllifliyi ilə hazırlanıb.
Hazırladığımız məqalələr Azərbaycan və Ermənistan KİV-lərinin sülhyaratma prosesində iştirakını stimullaşdırmaq məqsədi daşıyır. Fəaliyyət Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Sülhyaratma prosesində medianın rolu” mövzusunda tədbirlərin təşkili” adlı layihə çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
Məqalələr maarifləndirici xarakterlidir. KİV-lərin və jurnalistlərin sülhyaratma prosesində rolu barədə məlumatlandırma işinin aparılması üçün nəzərdə tutulur. Mövzu üzrə beynəlxalq nəzəri fikirlər təqdim olunur, təcrübədən nümunələr göstərilir. Bu isəjurnalistlərin sülhyaratma prosesində peşəkar iştirakının təmin edilməsinə yardım göstərir.
Proqram çərçivəsində ümumilikdə 5 məqalənin dərc edilməsi nəzərdə tutulub.
AZƏRBAYCAN RESPUBLİKASININ
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA
DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ
Məqalələrin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Jurnalistika #və #sülh #quruculuğu #mövzusunda #milli #vəsaitlər #hazırlanmalıdır