İlham Əliyev İƏT iclasının iştirakçılarına müraciət ünvanladı
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycan Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin baş prokurorlarının 4-cü iclasının iştirakçılarına müraciət ünvanlayıb.
Metbuat.az xəbər verir ki, müraciətdə deyilir:
“Hörmətli tədbir iştirakçıları!
Sizi İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin baş prokurorlarının Bakı şəhərində keçirilən 4-cü iclasında səmimiyyətlə salamlayıram.
Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikasının üzvü olduğu ilk təşkilatlardan biri də İƏT olmuşdur.
Sevindirici haldır ki, İƏT-in fəal üzvü kimi təşkilata üzv dövlətlərlə dostluq və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığımız beynəlxalq platformalar çərçivəsində də uğurla inkişaf edir.
Bildiyiniz kimi, Ermənistan Respublikası 30 ilə yaxın ölkəmizin 20% torpaqlarını işğal altında saxlamışdır. Fürsətdən istifadə edərək, işğal zamanı və sonrakı mərhələdə Azərbaycanın ədalətli mövqeyini dəstəkləməkdə göstərdikləri prinsipial mövqeyə görə İƏT-ə üzv ölkələrə minnətdarlığımı bildirmək istəyirəm. Bu dövr ərzində orada insanlıq əleyhinə və hərbi cinayətlər törədilmiş, etnik təmizləmə aparılmış, həmin ərazilərimiz narkotik vasitələrin yetişdirilməsi və daşınması, habelə beynəlxalq terrorçuların hazırlanması üçün istifadə edilmişdir.
2020-ci ildə bu ərazilərimiz işğaldan azad edildikdən sonra isə Azərbaycan digər çağırışlarla qarşılaşmışdır. Ölkəmizin şəhər və kəndləri Ermənistan tərəfindən qəsdən dağıdılmış, talan olunmuş, bütün mədəni və dini abidələr dağıdılmış, məscidlər təhqir olunmuş, qarət edilmişdir. Birinci Qarabağ müharibəsi və sonrakı dövrlərdə 4000-ə yaxın insan itkin düşmüşdür ki, onların taleyi ilə bağlı qarşı tərəf hələ də heç bir məlumat vermir. Ermənistan işğal etdiyi ərazilərimizdə bir milyona yaxın mina basdırmış, urbisid, kultursid və ekosid cinayətləri törətmişdir. İşğala son qoyulan kimi dövlətimiz bütün gücünü səfərbər edərək bu ərazilərdə geniş quruculuq və bərpa işlərinə, erməni vandalizminin nəticələrini aradan qaldırmağa başlamışdır.
Hörmətli iclas iştirakçıları, hər bir dövlətdə xalqın rifahının təmin edilməsini şərtləndirən iqtisadi inkişaf və hüquq qaydasının mövcudluğudur. Cinayətkarlıq qeyd olunan amillərə ciddi təhlükə olmaqla beynəlxalq səviyyədə mübarizənin aparılmasını tələb edən fenomendir. Bu sahədə, xüsusilə transmilli cinayətkarlıqla mübarizədə prokurorluq orqanlarının qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərməsi mühüm əhəmiyyət kəsb edir.
Qlobal və regional təhdidlərin, islamafobiya meyllərinin artdığı bir zamanda
İƏT-ə üzv dövlətlərin prokurorlarının qarşısında yeni vəzifələr durur. Narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri, korrupsiya, kibercinayətkarlıq, çirkli pulların yuyulması və sair cinayətlər beynəlxalq terrorçuluğun maliyyə mənbəyi olmaqla bəşəriyyətin gələcəyinə böyük təhlükə yaradır.
Əminəm ki, vacib məsələlərin müzakirəsi iştirakçılara beynəlxalq təcrübədən faydalanmaq imkanı verməklə insan hüquqlarının müdafiəsi və iqtisadiyyatın inkişafı üçün münbit şəraitin yaradılması istiqamətində əməkdaşlığı daha da möhkəmləndirəcəkdir.
Hesab edirəm ki, ölkəmizin İƏT-də sədrliyi dönəmində üzv dövlətlərin baş prokurorlarının bugünkü iclası regionumuzda insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə, cinayətkarlığın bütün formalarına qarşı mübarizədə səylərimizin birləşdirilməsinə və qarşılıqlı əməkdaşlığın daha səmərəli həyata keçirilməsinə mühüm töhfə verəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, iclasın işinə uğurlar diləyirəm”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#İlham #Əliyev #İƏT #iclasının #iştirakçılarına #müraciət #ünvanladı