Ermənistan hərbi hücum etmək üçün səngərlər qazır
BEY.AZ informasiya agentliyi xəbər verir
10 min nəfərdən çox erməni silahlı qüvvələri qanunsuz olaraq Azərbaycan Respublikasının ərazisində yerləşməkdə davam edir. Yüzdən çox tank və digər zirehli texnika, yaylım atəşli raket sistemləri də daxil olmaqla iki yüzdən çox ağır artilleriya qurğusu, onlarla müxtəlif radio-elektron mübarizə sistemi və iki yüzdən çox minaatan sistem hal-hazırda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində yerləşdirilib.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus üçün bölgədə son vəziyyətə dair keçirilmiş brifinqdə bildirilib.
Qeyd edilib ki, Ermənistan öhdəliklərinə zidd olaraq bu qüvvələri texniki, hərbi, logistik və maliyyə dəstəyi ilə təmin edir: “Azərbaycan ərazisindəki silahlı birləşmələr birbaşa Ermənistanın dövlət büdcəsindən maliyyələşdirilir. Ermənistan 4-cü bəndində erməni silahlı qüvvələrinin Rusiya Federasiyasının sülhməramlı kontingentinin yerləşdirilməsinə paralel olaraq çıxarılması tələbinin açıq şəkildə ifadə olunduğu 10 noyabr 2020-ci il Üçtərəfli Bəyanatını nümayişkaranə şəkildə pozur.
Azərbaycanın suveren ərazilərində qeyri-qanuni yerləşdirilmiş radio-elektron mübarizə sistemlərindən istifadə xüsusi narahatlıq doğurur. 13 iyul, 24 iyul, 27 iyul, 21 avqust, 1 sentyabr tarixləri də daxil olmaqla son bir neçə ay ərzində, Azərbaycan Hava Yollarının mülki təyyarələri ilə yanaşı, xarici dövlətlərin mülki təyyarələri də radio-elektron müdaxiləyə məruz qalıb. Bu müdaxilələr insanların və hava hərəkətinin təhlükəsizliyi üçün ciddi təhdiddir. Beynəlxalq Mülki Aviasiya Təşkilatı (BMAT), habelə Rusiya Federasiyasının sülhməramlı kontingenti bu kimi təhdid xarakterli fəaliyyətlərlə bağlı məlumatlandırılıb.
Son günlər, həm Azərbaycan və Ermənistan arasında delimitasiya olunmamış sərhəd boyunca, həm də Qarabağ bölgəsində hərbi-mühəndislik işlərinin və digər hərbi quruculuq fəaliyyətinin artması ilə müşayiət olunan hərbi təxribatların intensivləşməsi müşahidə olunur. Ermənistan açıq şəkildə növbəti hərbi hücum etmək üçün yeni səngərlər qazır, istehkamlar qurur, şəxsi heyət və texnika toplayır.
Ermənistan Azərbaycan ərazisində yeni minalar basdırmağa davam edir. Qeyd etmək lazımdır ki, ötən ilin avqustundan etibarən 2021-ci ildə Ermənistanda istehsal olunmuş 2728 mina aşkarlanıb və zərərsizləşdirilib. Bunların 1119-u Azərbaycan və Ermənistan arasında sərhəd ərazisində, Kəlbəcər və Laçın rayonlarında, 1609-u isə Qarabağ İqtisadi Rayonunun ərazisində aşkarlanıb. Rusiya sülhməramlı kontingenti, habelə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərləri, o cümlədən xarici ölkələrin hərbi nümayəndələri bu minaların nümayiş olunduğu əraziyə səfər ediblər.
Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılmasının səbəblərindən biri sözügedən qeyri-qanuni hərbi fəaliyyətin və qaçaqmalçılığın qarşısının alınması olub.
Azərbaycan ərazilərində qanunsuz qondarma rejimin yaradılmasının ildönümünə dair Ermənistanın Baş Naziri tərəfindən verilmiş “təbrik məktubu” Ermənistanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tanıması ilə bağlı əvvəl səsləndirilmiş bəyanatların qeyri-səmimi olduğunu bir daha sübut edib.
Əksinə, Ermənistan rəhbərliyinin son bəyanatları və fəaliyyəti əvvəlki bəyanatları əsaslı şəkildə heçə endirib.
Ermənistan tərəfindən Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün sözdə tanınmasına baxmayaraq, onun müxtəlif beynəlxalq təşkilatlar yanında akkreditə olunmuş diplomatik missiyaları qeyri-qanuni qondarma rejim adından sənədlər yaymaqda davam edir.
Azərbaycanın suverenliyi və ərazi bütövlüyü istənilən ölkənin ki qədər vacibdir. Azərbaycan dünyanın istənilən ölkəsi kimi beynəlxalq hüquqda əks edilmiş bütün vasitələrlə öz suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək hüququna malikdir.
Bu vacib məqamda Ermənistanı öz təhlükəli yolundan döndərməyə məcbur etmək həmişəkindən daha mühümdür və daha çox tələb olunur.
Ermənistan və onun Azərbaycanın suveren ərazilərində bütün mümkün ideoloji, siyasi, hərbi, maliyyə və digər vasitələrlə qoruyub saxladığı xunta vaxt qazanmağa yönəlmiş köhnə taktikaya arxalanmağın heç bir nəticə verməyəcəyinə dair beynəlxalq ictimaiyyətin vahid və aydın mövqeyi ilə üzləşməlidir”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ermənistan #hərbi #hücum #etmək #üçün #səngərlər #qazır