Xaricdə təhsil alanların nəzərinə
Dövlət İmtahan Mərkəzi 1 oktyabr 2023-cü il tarixində xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə növbəti imtahan keçirəcək.
Bu barədə Metbuat.az-a DİM-dən xəbər verilib.
Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 6.2-ci bəndinə əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sifarişi ilə Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi sınaq imtahanında müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunur.
İmtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı Agentliklə razılaşdırılmaqla DİM tərəfindən müəyyənləşdirilir. Ərizəçilər ixtisasları üzrə proqramla müvafiq linklərə (“Müəllimlik”, “Mühəndislik”, “Hüquq”) keçid etməklə tanış ola bilərlər.
Təqdim edilən proqram üzrə ərizəçilərin ixtisas biliklərinin yoxlanılması ilə yanaşı, onların ümumpeşə biliklərinin müəyyən edilməsi və situasiya-mühakimə test tapşırıqları vasitəsilə davranış səriştələrinin qiymətləndirilməsi də nəzərdə tutulur.
İmtahanda iştirakçılara 30 test tapşırığı təqdim olunacaq. Hər doğru cavab bir balla, səhv və ya cavab verilməyən tapşırıqlar sıfır balla qiymətləndirilir. Ərizəçinin imtahanda müvəffəqiyyət qazanması üçün ən azı 15 bal toplaması tələb olunur.
İmtahan 1 oktyabr 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzinin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında (8 Noyabr metrostansiyasının yanı) kompüter vasitəsilə keçiriləcək.
Qeyd edək ki, imtahanda iştirak edəcək ərizəçilərə Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən müvafiq məlumat verilir.