DTX və DMX əməliyyat keçirdi, 31 əcnəbi saxlanıldı
Dövlət Miqrasiya Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin qanunsuz miqrasiyaya qarşı keçirdiyi birgə tədbirlər zamanı Bakı şəhərində müxtəlif ünvanlarda viza müddətindən artıq yaşayan 31 əcnəbi saxlanılıb.
Metbuat.az xəbər verir ki, bu şəxslərin xaricdə yerləşən turizm şirkəti vasitəsilə 2 500 dollar müqabilində Azərbaycanda əmək fəaliyyətiylə məşğul olmaq vədi ilə aldadılaraq ölkə ərazisinə gəlmələrinin təşkil edilməsi müəyyən olunub.
Təşkilatçı əcnəbiləri Bakı şəhərində müxtəlif ünvanlarda yerləşdirib, onların mənzilləri tərk etmələrinə mane olaraq ölkə ərazisində qanunsuz miqranta çevrilmələrinə şərait yaradıb. Aşkar edilən hallarla bağlı materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanına göndərilib.
Ümumilikdə, 2023-cü ilin sentyabr ayı ərzində qanunsuz miqrasiyaya qarşı keçirilən təbirlər zamanı Dövlət Miqrasiya Xidməti tərəfindən 873 əcnəbi saxlanılıb. Onların ölkə ərazisində olma və yaşama hüququ verən sənədlər olmadan (qanunsuz) yaşaması, ölkəyə gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, qanunsuz əmək fəaliyyətinə cəlb edilməsi və ya qeydiyyat ünvanı üzrə yaşamadığı müəyyənləşdirilib. Həmin dövr ərzində miqrasiya qanunvericiliyini pozan 312 əcnəbi Azərbaycanın hüdudlarından kənara inzibati qaydada çıxarılıb və ölkəyə girişləri qanunla müəyyən edilmiş müddətə məhdudlaşdırılıb, digərlərinin ölkə ərazisində yaşamalarının qanuniləşdirilməsi və ya ölkəni könüllü tərk etmələri təmin olunub. Eyni zamanda ölkədə olma, yaşama, əcnəbilərin işə cəlb olunması və digər aidiyyəti məsələlərlə bağlı ümumilikdə 2221 inzibati qərar qəbul edilib.