Azərbaycana turist axını 32% artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 1 162 949 nəfər səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 32 % çoxdur.
Metbuat.az bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, təkcə sentyabrda isə ölkəyə gələn turistlərin sayı illik müqayisədə 21 % artaraq 158 803 nəfərə çatıb.
Ötən ay turistlərin təmsil etdikləri ölkələrin ilk 15-liyinə Rusiya başçılıq edir. Sentyabrda Şimal qonşumuzdan Azərbaycana 50,5 min nəfər gəlib. İlk üçlüyü 36,1 min nəfərlə Türkiyə və 15,5 min nəfərlə İran tamamlayıb.
Siyahıda növbəti yerləri Hindistan (11,6 min), Gürcüstan (10 min), Səudiyyə Ərəbistanı (7 min), Qazaxıstan (6,7 min), Pakistan (5,5 min), İsrail (4,3 min), Çin (4 min), Özbəkistan (3,6 min), Küveyt (3,1 min), Ukrayna (3 min), Türkmənistan (2,3 min) və ABŞ (2,2 min) tutub.
Regional baxımdan isə ilk 3-lüyə 26,3 %-lə Rusiya, 20,3 %-lə Asiya və 18,8 %-lə Türkiyə daxil olub. Növbəti yerlərdə 10 %-lə Yaxın Şərq, 8,65 %-lə Avropa, 8,1 %-lə İran və 2,7 %-lə digər regionlar qərarlaşıb.