Azərbaycanın dövlət borcu açıqlandı – MƏBLƏĞ
Bu il oktyabrın 1-nə Azərbaycanın dövlət borcu 17 milyard 203,3 milyon manat və yaxud 2023-cü il üzrə proqnozlaşdırılan ümumi daxili məhsulun 14,4 %-i qədər olub.
BEY.AZ bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, borcun 11 milyard 109,5 milyon manatı və yaxud 6 535 milyon ABŞ dolları xarici, 6 milyard 093,8 milyon manatı isə daxili dövlət borcudur. Bunlar isə gözlənilən ÜDM-in müvafiq olaraq 9,3 %-i və 5,1 %-i qədərdir.
Daxili dövlət borcunun əsas hissəsi dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi, dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi məqsədilə buraxılmış dövlət istiqrazlarından ibarətdir. Hesabat tarixinə dövriyyədə olan dövlət istiqrazlarının 25,4 %-i 1 illik, 57,9 %-i 2 və 3 illik, 16,6 %-i isə 5 və 7 illik dövlət istiqrazlarının payına düşüb.