Xaçatryanın azərbaycanlılara verdiyi işgəncələr AÇIQLANDI
Vaqif Xaçatryanın azərbaycanlılara verdiyi amansız işgəncələr açıqlanıb.
BEY.AZ xəbər verir ki, bu barədə Vaqif Xaçatryanın cinayət işi üzrə ittiham aktında göstərilib.
İttiham aktında qeyd olunub ki, Vaqif Xaçatryan 1988-ci ilin noyabr ayının sonlarında sürücülük məktəbini bitirmələri ilə əlaqədar imtahan vermək məqsədi ilə Xankəndi şəhərinə gəlmiş və Xankəndi şəhər polis (keçmiş milis) idarəsinə salınaraq orada saxlanılmış, Xocalı rayonunun Meşəli kənd sakinləri Kazımov Məmməd İslam oğlu və Novruzov Zakir Novruz oğlunun saxlanıldıqları otağa qanunsuz silahlı hərbi birləşmələrin istintaqa məlum olmayan digər 5 üzvü ilə birlikdə daxil olub onları erməni dilində nalayiq sözlərlə təhqir edib. O, azərbaycanlıların kökünü kəsmək lazım olduğunu bildirib.
Vaqif Xaçatryan bu məqsədlə həmin şəxslərə yumruq və təpiklə üz, baş və bədənin digər nahiyələrinə çoxsaylı zərbələr vurub döyüb, daha sonra Qarabağın kimə məxsus olduğunu soruşaraq cavab almadığına görə onları döyməyə davam edib və üzərində olan bıçağı nümayiş etdirərək “sizin hər birinizin orasını kəsmək lazımdır ki, artıb törəyə bilməyəsiniz” sözlərini işlədib.
O, Məmməd Kazımovun xaya nahiyəsinə bıçaqla bir zərbə vurub. Zərbənin təsirindən yerə yıxılan Məmməd Kazımov erməni dilində Vaqif Xaçatryanın ünvanına nalayiq sözlər işlətdiyinə görə, o, əlindəki bıçaqla hər iki ayağının üzərində kəsiklər etməklə ona sağlamlığa yüngül zərərvurmaya aid “xayalığın, sol və sağ aşıq-baldır oynağ proyeksiyasının ve sağ ayaq pəncəsinin arxa səthinin kəsilmiş yaraları, sağ qaşın sol gicgah nahiyəsinin və sağ əlin birinci barmağının küt yarası” xəsarətlərini yetirib. Vaqif Xaşatryan ona “qoy, it kimi canın çıxanadək qanın axsın”, deyib.
Bundan başqa, 21 dekabr 1991-ci il tarixində Vaqif Xaçatryanın üzvü olduğu dəstə saat 20-21 radələrində Xocalı rayonunun Meşəli kəndini artilleriya qurğularından intensiv atəşə tutub. Bu zaman kənd sakini Mehralıyeva Rahilə İsmayıl qızı bir yaşlı körpə uşağı, 9 dekabr 1990-cı il təvəllüdlü Mehralıyev Amil Oli oğlunu qucağına alıb qarlı, şaxtalı havada digər kənd sakinləri ilə birlikdə özlərini qorumaq üçün kəndin ətrafında olan meşəyə doğru qaçıb. Təxminən 3-4 saatdan sonra atəş səsləri dayandıqda, kənd sakinləri öz evlərinə qayıdan zaman Amil Mehralıyev donvurma, yəni aşağı temperaturun orqanizmə ümumi təsiri nəticəsində ölüb.