Azərbaycan-Türkiyə birgə təliminin silah və texnika sərgisi keçirilib
Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının cəlb edildiyi “Mustafa Kamal Atatürk – 2023” birgə taktiki təliminin “Yüksək səviyyəli müşahidəçi günü”ndə silah və texnika sərgisi nümayiş etdirilib.
Müdafiə Nazirliyindən BEY.AZ-a verilən məlumata görə, qonaqlar Azərbaycan Ordusunun arsenalında olan zirehli döyüş maşınları, müxtəlif təyinatlı hərbi texnika, pilotsuz uçuş aparatları, eləcə də digər hərbi vasitələrlə tanış olublar.
“Yüksək səviyyəli müşahidəçi günü”ndə, həmçinin Türkiyənin “ROKETSAN”, “HAVELSAN”, “ASELSAN”, “BAYKAR” və digər şirkətlərin stendləri də qonaqlara təqdim edilib.
Sərgi qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.
***
“Mustafa Kamal Atatürk – 2023” birgə taktiki təlimi üzrə “Yüksək səviyyəli müşahidəçi günü” çərçivəsində Türkiyənin müdafiə sənayesi sahəsi şirkətlərinin sərgisi təşkil edilib.
Təlimlər zamanı “Roketsan”, “Havelsan”, “Aselsan”, “Türk havacılıq uzay sanayi” “Baykar” və “Bimek” şirkətinin stendləri nümayiş olunub.
Sərgidə Azərbaycan Silahlı Qüvvələrin arsenalına daxil olan zirehli maşınlar, iri hərbi texnika, həmçinin qumbara, mina atanlar, pilotsuz uçuş aparatları da nümayiş etdirilib.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun dəvəti ilə Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler, Tacikistan Respublikasının müdafiə naziri general-polkovnik Şerali Mirzo, Qazaxıstan Respublikasının Müdafiə Nazirliyinin Hərbi Təhsil və Elm Departamentinin rəisi general-mayor Jumabek Axmetov və Özbəkistan Respublikasının müdafiə nazirinin döyüş hazırlığı üzrə müavini polkovnik Kadirjon Tursunovun rəhbərlik etdiyi nümayəndə heyətləri sərgi ilə tanış olub.