EvBEY TVAzərbaycan: Bəzi şirkətlərin iş elanları da qeyri-ciddidir

Azərbaycan: Bəzi şirkətlərin iş elanları da qeyri-ciddidir

Published on

spot_img

Azərbaycanda iş axtaranların qarşılaşdığı ən maraqlı hadisələrdən biri də bəzi şirkətlərin hazırladığı iş elanlarıdır.

Elanı açırsan, əvvəlcə düşünürsən ki, yəqin şirkət ciddi bir mütəxəssis axtarır. Oxumağa başlayırsan…

“Namizədə yüksək tələblər qoyulur.”

Yaxşı, deyirsən, görək nə istəyirlər.

Ali təhsil.

3-5 il iş təcrübəsi.

Azərbaycan, rus və ingilis dilləri.

MS Office proqramlarını yüksək səviyyədə bilmək.

Komandada işləmək bacarığı.

Stressə davamlılıq.

Analitik düşüncə.

Güclü kommunikasiya.

Problemləri operativ həll etmək.

Satış bacarığı.

Müştərilərlə işləmək.

Hesabat hazırlamaq.

Sosial media idarə etmək.

Bəzən sürücülük vəsiqəsi də.

Bir az da oxuyursan, az qalır yazsınlar:

“Şirkətin çayını da siz dəmləyəcəksiniz.”

Elanı axıra qədər oxuyursan ki, nəhayət, ən vacib məlumatı — maaşı görəsən.

Və nəhayət, son sətirlərdə yazılır:

“Əmək haqqı: 500 manat.”

İnsan bir neçə saniyə ekrana baxır.

Sonra elanı yenidən yuxarı sürüşdürür.

“Bəlkə səhv oxudum?”

Yox.

500 manat.

İş saatı isə səhər 09:00-dan axşam 19:00-a qədər.

Həftədə 6 gün.

Bəzən “işin tələbinə uyğun olaraq iş saatından sonra da işləmək lazım gələ bilər”.

Burada artıq insanın beynində başqa bir sual yaranır:

Bu vakansiya işçi axtarır, yoxsa bütün şirkəti bir nəfərə həvalə etmək istəyir?

Bir vakansiya, beş vəzifə

Ən maraqlısı odur ki, bəzi elanlarda bir vəzifə adı yazılır, amma aşağıda həmin vəzifənin içindən az qala bütöv bir şirkət çıxır.

Məsələn, “SMM menecer” axtarılır.

Amma tələb olunanlara baxırsan:

Sosial şəbəkələri idarə et.

Video çək.

Video montaj et.

Dizayn hazırla.

Mətn yaz.

Reklam kampaniyası qur.

Müştərilərlə danış.

Satışları artır.

Sayta material yerləşdir.

Foto çək.

Bəzən tədbirlərdə iştirak et.

Və əlbəttə, “digər rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirmək”.

Maaş?

700 manat.

Belə elanları oxuyandan sonra adam düşünür:

“Mən SMM mütəxəssisi olum, yoxsa şirkətin yeni direktoru?”

İşəgötürən də haqlıdır, amma…

Əlbəttə, bütün şirkətləri eyni kateqoriyaya salmaq düzgün olmaz. Azərbaycanda kifayət qədər peşəkar, əməkdaşına normal münasibət göstərən və bazar şərtlərinə uyğun maaş verən şirkətlər də var.

Şirkətin işçidən tələb irəli sürməsi də tamamilə normaldır.

Problem tələb etməkdə deyil.

Problem tələb ilə təklif arasında böyük uçurum yarananda başlayır.

Əgər şirkət bir işçidən yüksək səviyyəli mütəxəssis, bir neçə dil, illərlə təcrübə, çoxsaylı bacarıqlar və uzun iş saatları tələb edirsə, qarşılığında təqdim etdiyi əməkhaqqı da həmin səviyyəyə uyğun olmalıdır.

Əks halda, ortaya maraqlı mənzərə çıxır:

Şirkət Ferrari xüsusiyyətləri tələb edir, amma maaş velosiped büdcəsidir.

Maaşı niyə gizlədirik?

Bir başqa məsələ də maaşın elanlarda açıq göstərilməməsidir.

Namizəd bütün tələbləri oxuyur, CV hazırlayır, müraciət edir, bəzən müsahibəyə gedir və yalnız bundan sonra maaşın nə qədər olduğunu öyrənir.

Halbuki maaş vakansiyanın ən əsas məlumatlarından biridir.

Şirkət üçün işçinin vaxtı dəyərlidirsə, iş axtaran insanın vaxtı da dəyərlidir.

Elanın əvvəlində “əmək haqqı 500-700 manat” yazmaq heç kimi qorxutmamalıdır.

Əksinə, bu, həm işəgötürənə, həm də işçiyə vaxt qazandırar.

Bəs niyə belə olur?

Bunun bir neçə səbəbi ola bilər.

Bəzi şirkətlər bazardakı əməkhaqqı reallıqlarından geri qalır. Bəziləri isə “bir nəfər tapsaq, bütün işləri ona gördürərik” yanaşması ilə hərəkət edir.

Bəzən də vakansiyanı hazırlayan şəxsin özü həmin vəzifənin real iş yükünü düzgün təsəvvür etmir.

Nəticədə bir iş elanında belə bir “ideal namizəd” obrazı yaranır:

25 yaşında, 10 il təcrübəsi olan, 5 dil bilən, bütün proqramları mükəmməl bilən, gecə-gündüz işləyən, stress keçirməyən, maşını olan, subay, enerjili və 500 manata işləməyə hazır super qəhrəman.

Təəssüf ki, belə namizəd real həyatda çox çətin tapılır.

İş elanları da şirkətin güzgüsüdür

Məncə, şirkət özünə işçi axtararkən ilk növbədə özünün nə təklif etdiyinə baxmalıdır.

Yaxşı əməkdaş istəyirsinizsə, ona yaxşı iş şəraiti yaradın.

Peşəkar istəyirsinizsə, peşəkara uyğun maaş təklif edin.

Təcrübəli mütəxəssis istəyirsinizsə, onun təcrübəsinin qiymətini bilin.

Çünki əmək bazarında yalnız işçi şirkəti seçmir.

Şirkət də işçini seçdiyi kimi, işçi də şirkəti seçir.

Və bəzən 500 manatlıq maaşın qarşısında yazılmış 25 maddəlik tələb siyahısını görən namizədin verdiyi ən düzgün qərar sadəcə elanı bağlamaq olur.

Çünki hər “iş elanı” həqiqətən iş fürsəti deyil. Bəzən sadəcə şirkətin arzular siyahısıdır.

Müəllif: Beydulla Mayilov, BEY MEDIA rəhbəri

Latest articles

More like this