ABŞ Daxili Təhlükəsizlik Nazirliyi Miqrasiya və Gömrük Xidmətinin (ICE) əməkdaşları üçün bir neçə min ədəd elektrik cərəyanı ötürən xüsusi əlcək almağı planlaşdırır.
BEY.AZ “Associated Press”ə istinadən xəbər verir ki, bu məqsədlə 20 milyon dollar vəsait ayrılması nəzərdə tutulur. Tədarükün 2027-ci ilin mart ayına qədər həyata keçirilməsinə başlanması planlaşdırılır.
Söhbət GLOVE (Generated Low Output Voltage Emitter) adlı qurğudan gedir. Kentukki ştatında fəaliyyət göstərən “Compliant Technologies” şirkətinin istehsal etdiyi əlcəklər xarici görünüşünə görə adi geyimdən fərqlənmir. Bununla belə, onlar elektrik cərəyanını işə salan xüsusi düymə ilə təchiz olunub.
Həbs yerlərində ölüm hallarının qarşısının alınması İnstitutunun rəhbəri Con Pitersin sözlərinə görə, əlcəklərin yaratdığı elektrik təsiri arı sancmasına bənzəyir. Onun fikrincə, bu texnologiyadan istifadə ICE əməkdaşlarına şəxsləri daha operativ şəkildə nəzarətə götürməyə və qarşıdurmaların davametmə müddətini azaltmağa imkan verə bilər.
