ABŞ-ın Missisipi ştatına silsilə tornadolar baş verib.
Publika.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Çərşənbə axşamından bəri Missisipidə ən azı 14 tornado qeydə alınıb. Əlverişsiz hava şəraiti səbəbindən minlərlə tikiliyə ziyan dəyib, yıxılan qalıqlar elektrik xətlərini zədələyib və təxminən 19 min insan işıqsız qalıb.
Məlumata görə, ən azı 17 nəfər yaralanıb ki, onlardan da 12-si Linkoln dairəsinin Bouq-Çitto ərazisindəki treyler parkından xəstəxanaya çatdırılıb.
Mayın 3-dən 9-na qədər Missisipidə qasırğalara hazırlıq həftəsi elan edilib. Ştatda qasırğaların əsas mövsümü iyundan başlayır və payızın sonuna qədər davam edir.
Missisipi ABŞ-ın cənub-şərqində tornadoların daha çox baş verdiyi “Diksi Xiyabanı” adlanan bölgəyə daxildir. Ştatda hər il orta hesabla 30-35 tornado qeydə alınır.
Hüseyn İbadlı

