ABŞ Dövlət Departamenti Ukraynaya ümumi dəyəri 2,68 milyard dollar olan hava hücumundan müdafiə sistemləri və sursatların mümkün satışını təsdiqləyib.
BEY.AZ xəbər verir ki, bu barədə Dövlət Departamentinin yaydığı məlumatda bildirilib.
Məlumata görə, Ukrayna S-300 sistemlərində istifadə olunan raketlərə analoji sursatlar, GAM-67 raketləri, uzaqmənzilli lazerlə idarə olunan raket sistemləri, özüyeriyən və mobil buraxılış qurğuları, eləcə də pilotsuz uçuş aparatlarının aşkarlanması sistemləri əldə etmək niyyətindədir.
Pakete həmçinin müvafiq avadanlıqlar və texniki xidmətlərin daxil olduğu bildirilib.
Dövlət Departamenti qeyd edib ki, sözügedən vasitələr əsas hərbi texnika və silah kateqoriyasına aid edilmir.
Məlumata əsasən, mümkün satışın maliyyələşdirilməsi Avropa ölkələri, həmçinin ABŞ-nin sabiq Prezidenti Co Bayden administrasiyası tərəfindən Ukraynaya ayrılmış vəsait hesabına həyata keçiriləcək.
Bu məqsədlə xarici ölkələrə ABŞ istehsalı hərbi məhsulların alınması üçün qrant və kreditlərin təqdim edilməsini nəzərdə tutan Xarici Hərbi Maliyyələşdirmə (FMF) mexanizmindən istifadə olunacaq.
