Ağciyərlərin sağlamlığı insanın həyat fəaliyyətinin və sağlam gələcəyinin əsas şərtlərindən biridir. Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması və vaxtında aşkarlanması səhiyyənin mühüm vəzifələrindəndir. Bu vəzifənin yerinə yetirilməsi müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir.
BEY.AZ xəbər verir, bunu Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun baş direktoru, tibb üzrə fəlsəfə doktoru İradə Axundova Səhiyyə Nazirliyinin və Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun təşkilatçılığı ilə Ümumdünya Ağciyər Sağlamlığı Gününə həsr olunan beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı deyib.
Baş direktorun sözlərinə görə, pulmonoloqların, ftiziatorların, infeksionistlərin, torakal cərrahların, ilkin səhiyyə və ailə həkimlərinin, laboratoriya və digər mütəxəssislərin birgə fəaliyyəti xəstəyə göstərilən tibbi yardımın keyfiyyətini artırır: “Bu istiqamətdə 80 ildən çoxdur fəaliyyət göstərən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun xüsusi rolu var. Əlbəttə ki, yüksəksəviyyəli tibb ocağı olaraq xəstələrimizin səhhətinin keşiyində dayanır, xəstəliklərin vaxtında müayinə və müalicəsi ilə məşğuluq. Lakin institutumuz uzun illər ərzində formalaşmış elmi və klinik ənənələri davam etdirərək tibbi yardımın, elmi tədqiqatların və təhsilin bir araya gəldiyi mühüm mərkəz kimi fəaliyyət göstərir. Burada toplanan zəngin təcrübə həm xəstələrə, həm də mütəxəssislərin hazırlanmasına xidmət edir.
Xüsusilə institutun fəaliyyətində Səhiyyə Nazirliyinin dəstəyi ilə yaranmış Milli İstinad Laboratoriyası da mühüm yer tutur. Laboratoriyada dünya səviyyəli təşkilatın tələblərinə uyğun olaraq vərəmin bakterioloji və molekulyar genetik diaqnostikası skrinninqi də daxil olmaqla həyata keçirilir. Bu imkanlar vərəmin aşkarlanmasına, dərmanlara davamlılığın və müalicə qərarlarının əsaslandırılmasına mühüm töhfə verir”.
