Albaniyanın paytaxtı Tiranada tələbələrin keçirdiyi etiraz aksiyası iğtişaşlarla müşayiət olunub.
BEY.AZ xəbər verir ki, nümayişçilər Təhsil Nazirliyinin binasına yandırıcı qarışıqlar olan butulkalar atıb, nəticədə binanın birinci mərtəbəsində yanğın baş verib.
Polis etirazçılara qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. Nümayişçilər Baş nazirin ofisinin qarşısında da “Molotov kokteylləri” atıblar.
Aksiya iştirakçıları yüksək təhsil haqlarına, maliyyələşdirmə çatışmazlığına və gənclər arasında geniş yayılmış işsizliyə etiraz edərək bu problemlərin həllini tələb edirlər.
Albaniya polisinin məlumatına görə, hadisələr zamanı altı hüquq-mühafizə orqanı əməkdaşı və bir qadın jurnalist xəsarət alıb. Etiraz aksiyası zamanı 23 nəfər saxlanılıb.
