Eks-deputat Etibar Əliyev Xalq artisti Alim Qasımovun müğənni Üzeyir Mehdizadə ilə duet oxumasına münasibət bildirib.
BEY.AZ “Yeni Sabah”a istinadən xəbər verir ki, Etibar Əliyev sosial media hesabında Alim Qasımovun uzun illərdir pərəstişkarı olduğunu qeyd edərək, sənətkarın yaradıcılıq seçimlərinin tənqid edilməsini doğru saymayıb:
“Alim Qasımovu Üzeyir Mehdizadə ilə duet oxuduğuna görə qınayırlar. Ötən əsrin 80-ci illərindən Alim Qasımovun pərəstişkarıyam. Düşüncəmə görə, bu böyük sənətkar nə edirsə, düz edir. Onun susmağı da nəğmədir. Üzeyir bəstəkar, müğənni və meyxanaçıdır. Heç kim onun istedadını inkar etmir.
İndi gəlin “kədərli” göstəricilərə baxaq. Üzeyirin oxuduğu bir popurini 25 milyon, Alim Qasımovun “Şahnaz təsnifi”ni isə 512 min insan izləyib.
Damlanın bir popurini 50 milyon, Flora Kərimovanın “Eşqimə şahid zaman” şedevrini isə 302 min nəfər izləyib. Flora Kərimova Damla ilə duet oxusa, nə baş verər?”
E.Əliyev bildirib ki, detektiv və bayağı romanlar ciddi və düşündürücü romanlardan qat-qat çox oxunulur”
“Reallıq öz-özünə yaranmır. Onun müəllifi cəmiyyətdir. Ədəbiyyat və poeziya da belədir. Detektiv və bayağı romanlar ciddi və düşündürücü romanlardan qat-qat çox oxunulur. Sosial şəbəkələr də həmçinin.
Dahi İosif Brodski (1940-1996) yaşadığı dövrü necə gözəl təsvir edib: “Mən yazmağa başlayanda ədəbiyyat yüzə yaxın müəllifi əhatə edirdi. İndi kitab dükanına girmək, solist və qrup albomları ilə zəngin val-plastinka dükanına girməyə bənzəyir. Bütün bu albomlardakı qruplar və solistləri dinləmək mümkün deyil, çünki buna heç ömür də bəs etməz. Həm də ona görə ki, onların əsas üslubu səs-küydür. Bütün bunlar müasir ədəbiyyata da aiddir. Onun didaktik səs-küyü bu səs-küydən fərqlənmir.
Alim Qasımovun niyyəti bəlkə də səs-küyü bir qədər yavaşıtmağa xidmət edir? Hər halda bunu özü yaxşı bilər!”
