Türkiyənin tanınmış müğənnisi Atilla Taşın 34 yaşlı qızı Sezen Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirdiyi binanın görüntüləri yayılıb.
BEY.AZ xəbər verir ki, hadisənin baş verdiyi bina Türkiyənin Mersin vilayətinin Erdemli rayonunda, Çeşmeli məhəlləsində yerləşən “Liparis 5” yaşayış kompleksindədir. Türkiyə mediasında hadisə yerindən görüntülər dərc olunub.
Xatırladaq ki, oktyabrın 8-də səhər saatlarında məşhur müğənninin qızı Sezen Taş sözügedən kompleksin F blokunun 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirib.
Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə təcili tibbi yardım və polis əməkdaşları göndərilib. Həkimlərin apardığı müayinə zamanı 34 yaşlı qadının artıq həyatını itirdiyi müəyyənləşdirilib.
Sezen Taşın meyiti ölümün dəqiq səbəbinin müəyyən edilməsi məqsədilə tibbi ekspertizaya göndərilib.
İki uşaq anası olan Sezen Taşın hansı şəraitdə binadan yıxıldığı hələlik məlum deyil. Hadisənin bədbəxt hadisə, intihar və ya başqa səbəbdən baş verdiyi rəsmən açıqlanmayıb.
Faktla bağlı araşdırma aparılır.
(Musavat.com)
