2026-cı ilin yayında Avropada anomal isti hava ilə əlaqədar təxminən 35 min insan ölümü qeydə alınıb.
BEY.AZ xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Strasburqda Avropa Parlamentində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, isti dalğaları qocalar evləri və xəstəxanalarda təhlükəli temperatur artımına səbəb olub.
“İsti dalğaları zamanı orta statistik göstəricidən əlavə 35 min ölüm qeydə alınıb. Qocalar evləri və xəstəxanalar təhlükəli şəkildə qızıb. Bütün bunlar bizi gələcəkdə nələrin gözlədiyinin yalnız xəbərçisidir”, – fon der Lyayen bildirib.
Avropa Komissiyasının rəhbəri qeyd edib ki, Avropa dünya üzrə orta göstəricidən iki dəfə sürətlə istiləşir. Bu isə regionu iqlim dəyişikliklərinə qarşı daha həssas edir.
2026-cı ilin yayında Avropanın bir sıra ölkələrində rekord temperaturlar qeydə alınıb, Yunanıstan və İspaniyada genişmiqyaslı meşə yanğınları baş verib. Ümumdünya Meteorologiya Təşkilatı isə sentyabr ayında 2026-cı ilin müşahidələr tarixində ən isti il ola biləcəyi barədə xəbərdarlıq edib.
Müəllif: Adəm
