Bir il öncə bu gün – 8 avqust 2025-ci il tarixində baş tutan Vaşinqton görüşü Cənubi Qafqazda Azərbaycanın təşəbbüsü olduğu sülh prosesinin, o cümlədən, Bakı-Vaşinqton xəttində münasibətlərin yeni dövrünün başlanğıcı oldu. Prezident İlham Əliyev və ABŞ prezidenti Donald Tramp arasında keçirilən görüş, imzalanan sənədlər, o cümlədən, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi layihəsinin paraflanması post-münaqişə reallıqlarının möhkəmləndirilməsi baxımından tarixi dönüş nöqtəsi idi. Bu tarixi uğurun memarı Prezident İlham Əliyevdir.Vaşinqton görüşündə əldə olunan tarixi nəticələrə 27 sentyabr 2020-ci il – 8 avqust 2025-ci il tarixindəki 5 illik müddətdə baş verən proseslər fonunda baxmaq lazımdır. Bu, Prezident İlham Əliyevin Azərbaycanı cəbhədən masaya qədər uzanan tarixi qələbəyə apardığı dövrdür.2020-ci il Vətən müharibəsində məğlub olan Ermənistan kapitulyasiyaya məcbur edildi. Döyüş meydanında məğlub olan işğalçı ölkə ümid edirdi ki, danışıqlar prosesində üstün mövqe qazanacaq, ən azından, öz maraqlarını təmin edə biləcək. Rəsmi İrəvan bir tərəfdən Qarabağda separatçı rejimin saxlanılmasına çalışır, digər tərəfdən, Zəngəzur dəhlizi ilə bağlı öhdəliklərindən yayınmağa çalışırdı.İki istiqamətdə – Rusiya və Qərb masasında davam edən sülh danışıqlarında Azərbaycanın maraqlarına cavab verməyən müəyyən fərqliliklər vardı. Rusiyanın vasitəçiliyi ilə aparılan danışıqlarda Zəngəzur dəhlizi və sərhədin delimitasiyasında Bakının istəklərinə cavab verilsə də, Qarabağda qalan erməni əhalisinin burada saxlanılması və əsrlərdir davam edən separatizm toxumlarının cücərdilməsi cəhdləri vardı. Qərb masasında aparılan danışıqlarda isə Qarabağ məsələsində Bakının tələbləri müəyyən qədər qəbul edilir, lakin paralel şəkildə separatçılara da dəstək verilir, eyni zamanda, Zəngəzur dəhlizinin açılmasında Ermənistanın maraqları əsas götürülürdü. Azərbaycan üçün dillemativ vəziyyət yaranmışdı. Məhz Prezident İlham Əliyev kifayət qədər mürəkkəb olan bu vəziyyəti tamamilə Azərbaycanın xeyrinə çevirməyi, müharibə medyanından sonra danışıqlar masasında da qalib gəlməyi bacardı.Azərbaycan Rusiya və Qərb masasındakı danışıqlarda paralel şəkildə yer alaraq, üstünlüyün Ermənistana keçməsinə imkan vermədi. 2022-ci ilin əvvəlində rəsmi Bakı sülh sazişinin bazasını təşkil edən “5 əsas prinsip” təqdim etdi.- suverenliyin, ərazi bütövlüyünün, sərhədlərin toxunulmazlığının qarşılıqlı şəkildə tanınması;
– bir-birinə qarşı ərazi iddiası ilə çıxış etməmək;
– bir-birinə qarşı güc tətbiq etməmək, güc tətbiqi ilə hədələməmək;
– sərhədlərin demarkasiyası və delimitasiyası, diplomatik münasibətlərin qurulması;
– kommunikasiyaların açılması.Nəticədə Ermənistan Qərb masasındakı danışıqlarda Azərbaycanın ərazi bütövlüyünü tanıdı və Qarabağdan rəsmən imtina etdi. Ermənistanı Qarabağdan imtina etməyə məcbur edən rəsmi Bakı bunu Moskva qarşısında fakt kimi irəli sürdü və Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması zərurətini yaratdı.Artıq hər iki masada – Rusiya və Qərb masasındakı gündəlik böyük ölçüdə Azərbaycanın mövqeyinə uyğunlaşdırılmış, İlham Əliyev 44 günlük müharibədən sonra yaranmış dilemmativ vəziyyəti xeyrimizə çevirmişdi. Diplomatik masada mübarizənin getdiyi vaxt Azərbaycan danışıqlarda mövqeyimizi gücləndirmək məqsədilə hərbi müstəvidə də addımlar atır, sülhü qazanmaq yolunda addım-addım irəliləyirdi. Müxtəlif strateji yüksəkliklərə nəzarət bərpa olunur, “Qisas əməliyyatı” və Laçın sərhəd-keçid məntəqəsinin qurulması kimi tədbirlərlə Qarabağdakı separatçılara və onların havadarlarına “göz açmağa” imkan verilmirdi. Nəhayət, 2023-cü ilin 20 sentyabrında Azərbaycan bəşəriyyət tarixinin unikal əməliyyatlarından birinə imza atdı: 24 saat ərzində heç bir mülki şəxsə və infrastruktura zərər vurmadan suverenliyimiz tam təmin olundu.Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunandan sonra danışıqlar prosesində vəziyyət tamamilə dəyişdi. Buna qədər sülh danışıqlarını imitasiya edən və havadarlarının dəstəyi ilə regiondakı yeni reallığı dəyişdirə biləcəyini düşünən İrəvan Bakının diktə etdiyi gündəliyə uyğun dialoqa başlamağa məcbur oldu. Bu, Qarabağ üzərindən Azərbaycan-Ermənistan danışıqlarına müdaxilə etmək və rəsmi Bakıya təzyiq cəhdlərini də minumuma endirdi. Bundan sonra Prezident İlham Əliyev Ermənistanla danışıqlar prosesini ikitərəfli formada çevirməklə kənar müdaxilələri tamamilə aradan qaldırdı.İkitərəfli formatda aparılan danışıqlarda mühüm nəticələr əldə olundu.- Delimitasiya prosesi sürətləndi, işğal dövründə Ermənistanın qanunsuz şəkildə irəli çəkdiyi dövlət sərhədi böyük ölçüdə bərpa olundu, xüsusilə strateji yüksəkliklərə nəzarət sərhədboyu ərazidə ordumuza üstünlük qazandırdı.
– Qazaxın işğal altında olan kəndlərindən 4-ü bir güllə belə atılmadan azad olundu.
– Azərbaycanın haqlı tələbləri – ATƏT-in de-fakto mövcud olmayan Minsk Qrupunun de-yure buraxılması, Ermənistan konstitusiyasının dəyişdirilməsi, üçüncü ölkələrə məxsus qüvvələrin sərhəddən çıxarılması – Ermənistan tərəfindən qəbul olundu.
– Masada sülh sazişinin müzakirəsi Azərbaycanın diktəsi ilə həyata keçirildi.Prezident İlham Əliyev regional gündəliyi formalaşdırmaqla yanaşı, qlobal çağırışları da nəzərə alır, proseslərin ABŞ-dakı prüzident seçkilərinə uyğun inkişafına zəmin yaradırdı. Seçkidən öncə Azərbaycan liderinin respublikaçıların namizədi Donald Trampa diplomatik dillə verdiyi dəstək mesajları bunun ən bariz nümunəsi idi. Bayden administrasiyasının erməni diasporu/lobbisinin təsiri ilə Cənubi Qafqazda Ermənistan vektorlu siyasəti ABŞ-Azərbaycan münasibətlərində kəskin problemlər yaratmışdı. Bu, sülh danışıqlarında da rəsmi İrəvanın qeyri-konstruktiv mövqeyni körükləyir, regionda sabitlik perspektivlərinə risklər yaradırdı. ABŞ-dakı seçkilərdə Baydenin xələfi Harrisin qalib gəlməsinə Cənubi Qafqazdakı reallıqları dəyişdirə bilmək imkanı olaraq baxan Ermənistan, eləcə də erməni diasporu/lobbisi demokratları dəstəkləyəndə Prezident İlham Əliyev uzaqgörənliklə Trampın seçiləcəyini proqnozlaşdırır və ABŞ-ın gələcək administrasiyasında Azərbaycanın mövqelərini gücləndirirdi. Nəticə Prezident İlham Əliyevin dediyi kimi oldu. Tramp prezidenti seçildi və Bayden Administrasiyasının Ermənistan vektorlu siyasətinə son qoyuldu, erməni diasporu/lobbisinin ABŞ siyasətinə təsiri minumuma endirildi və ABŞ-Azərbaycan münasibətlərində yeni səhifə açıldı.Trampın Oval kabinetə qayıdışından sonra Azərbaycan və ABŞ liderləri arasında məktublaşma, telefon söhbətləri, xüsusilə hər iki liderin həm regionumuz, həm dünya ilə bağlı ortaq mövqeyi Bakı-Vaşinqton xəttində bütün problemləri aradan qaldırdı. Prezident İlham Əliyevin Trampın dəvəti ilə baş tutan Vaşinqton səfəri bunun məntiqi sonluğu idi.Vaşinqton görüşü Azərbaycan-ABŞ münasibətlərində yeni və sağlam mərhələnin başlanğıcı idi. Azərbaycan Prezidentinin Ağ Evdə qarşılanma mərasimi, ABŞ prezidenti ilə apardığı səmimi danışıqlar və ikitərəfli münasibətlərin müzakirəsi, eləcə də imzalanan ikitərəfli sənədlər hər iki ölkənin milli maraqları üçün Əliyev-Tramp tandeminin önəmini də ön plana çıxarırdı. Liderlər ABŞ-Azərbaycan əməkdaşlığını strateji tərəfdaşlığa yüksəldən imzalar atdı. “Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” qəbul olundu. Enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar, süni intelekt və rəqəmsal infrasturukturun da daxil olduğu iqtisadi sərmayə, müdafiə sahəsində satış, terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın da daxil olduğu təhlükəsizlik sahəsində əməkdaşlıq istiqamətləri müəyyənləşdirildi.Ən önəmli və tarixi məqamlardan biri Donald Trampın Prezident İlham Əliyevlə görüşdə məlum 907-ci düzəlişin icrasını dayandıran sənədi imzalamasıdır. Prezident İlham Əliyevin də dediyi kimi, Tramp bunu başqa vaxt da edə bilərdi, lakin məhz görüşdə bu sənədi imzalamaqla Azərbaycan liderinə olan hörmətini nümayiş etdirdi. “Azadlığı Müdafiə Aktı”na 907 saylı düzəliş Azərbaycan torpaqlarının işğalında rol oynayan sənədlərdəndir. 1992-ci ildə Ermənistan Azərbaycan torpaqlarını işğal edəndə ABŞ Konqresi Azərbaycanın guya Ermənistana “blokada” tətbiq etməsi” bəhanəsi ilə bu sənədi qəbul etmiş, beləliklə, ABŞ-ın Azərbaycana dövlət yardımı qadağan edilmişdi. Bu sənədin arxasında erməni diasporu/lobbisinin dayandığı sirr deyil, Bayden-Blinken administrasiyası da Əfqnıstan əməliyyatı başa çatan kimi 907 saylı düzəlişi canlandırmışdı, bu prosesdə lobbi qruplarının təsiri də aydın görünürdü. Lakin Tramp Əliyevin gözü qarşısında 907 saylı düzəlişin icrasını dayandıran sənəd imzalamaqla Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələyə strat verdi. Vaşinqton görüşündə əldə olunan razılaşmaların praktiki icrası istiqamətində görülən işlər, vitse-prezident Ceyms Devid Vensin Bakıya səfəri Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələdə uğurla davam etdiyini deməyə əsas verir.Vaşinqton görüşü müharibədə Azərbaycanı qalib edən Prezident İlham Əliyevin sülh masasında da qələbəsini təmin etmədi idi. Azərbaycan və Ermənistanın ABŞ-ın iştirakı ilə imzaladığı Birgə Bəyannamə bunun rəsmi təsdiqidir.Bəyannamədə Azərbaycan və Ermənistan de-fakto mövcud olmayan Minsk qrupunun de-yure ləğv edilməsi ilə bağlı ATƏT-in baş katibinə müraciət etdi. Nəticədə Minsk qrupu de-yure ləğv edildi. Bununla yanaşı, bəyannamə Ermənistan konstitusiyasının dəyişdirilməsini də özündə ehtiva edir. Sənəddə qeyd olunur ki, “biz Sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin davam etdirilməsinə ehtiyac olduğunu qəbul etdik”. Burada “əlavə tədbirlər” Ermənistan konstitusiyasının dəyişdirilməsini nəzərdə tutur.Zəngəzur dəhlizinin açılması rəsmiləşdirildi. Bəyannamədə Azərbaycanın Naxçıvana maneəsiz çıxışının təmin edilməsi – Zəngəzur dəhlizi ilə bağlı iki qeyd yer alır.- “Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantı” dəstəklənir;
– “Ermənistan öz ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə ABŞ-la və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflərlı əməkdaşlıq edəcəkdir”, burada “üçüncü tərəf” Azərbaycandır. Ötən bir il ərzində Zəngəzur dəhlizinin praktiki müstəvidə icrası ilə bağlı işlər sürətlənib.Vaşinqtonda Azərbaycan və Ermənistanın sülh müqaviləsi layihəsini paraflaması tarixi nəticələrdən biri oldu. Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının yer aldığı konstitusiyasının dəyişdirilməsindən sonra yekun sülh sazişi imzalanacaq.Göründüyü kimi, Prezident İlham Əliyev müharibə meydanı ilə yanaşı, sülh masasında da qalib gəldi və Ermənistanı, eləcə də bu ölkənin havadarlarını reallığı qəbul etməyə məcbur oldu. Azərbaycan bu gün müharibənin və sülhün qalibidir. Prezident İlham Əliyevin təmin etdiyi bu qələbə qısa müddətdə sülhün əldə edilməsi baxımından da dünya tarixində xüsusi yerə malikdir. Misal üçün, II Dünya müharibəsi 1945-ci ildə başa çatsa da, Almaniya ilə Fransa arasında sülh müqaviləsi yalnız 1963-cü ildə Yelisey razılaşmaları ilə təsdiqlənib. Prezident İlham Əliyev isə 2023-cü ildə antiterror əməliyyatından cəmi iki il sonra Ermənistanı sülhə məcbur etdi. Ermənistanın revanşist iddialardan imtina etməsi, yekun sülh müqaviləsinin imzalanması üçün vacib olan konstitusiya islahatlarına razı olması, bu istiqamətdə addımlar atması da bunu deməyə əsas verir. Vaşinqton görüşü Prezident İlham Əliyevin Azərbaycan və Cənubi Qafqaz tarixində yeni dövrü başladan tarixi qələbəsidir.Asif Nərimanlı
