EvXəbərlərAzərbaycan QHT-ləri “Rusiyada çərkəzlərə qarşı şiddətlənən təqiblər” mövzusunda müzakirə təşkil etdi

Azərbaycan QHT-ləri “Rusiyada çərkəzlərə qarşı şiddətlənən təqiblər” mövzusunda müzakirə təşkil etdi

Published on

spot_img

Azərbaycanın “İpək Yolu” Mədəni Tarixi Araşdırmalar İctimai Birliyinin təşkilatçılığı ilə 2026-cı il avqustun 22-də “Rusiyada çərkəzlərə qarşı şiddətlənən təqiblər” mövzusunda onlayn konfrans keçirilib.
BEY.AZ xəbər verir ki, “İpək Yolu” Mədəni Tarixi Araşdırmalar İctimai Birliyinin sədri Aida Eyvazlı Göytürk bildirib ki, Rusiya bu gün “qeyri-rus xalqların həbsxanası”na çevrilib, Moskva rejimi çarizmin və neostalizmin ən eybəcər üsulları ilə etnik və dini dözümsüzlüyü dövlət siyasəti səviyyəsinə qaldırıb. O, bildirib ki, bu baxımdan son vaxtlar Rusiyada çərkəzlərə qarşı şiddətlənən təqiblər Azərbaycan da vətəndaş cəmiyyətinin hiddətinə səbəb olub. O, bu günlərdə Rusiyanın güc strukturlarının çərkəz xalqının azadlığı uğrunda apardığı mübarizəyə görə Xalid Karafın oğlunun oğurlanmasını nümunə gətirib, bunları “dəhşətli hücumlar” adlandırıb.
Fransadan konfransa qoşulan Ümumdünya Çərkəz İttifaqının həmtəsisçisi İbrahim Yaqanov qeyd edib ki, çərkəzlərə qarşı Çar Rusiyasının soyqırımı siyasətini bu gün Moskva rejimi davam etdirir. O, Ukraynadakı müharibəyə zorla və təhdidlərlə çərkəz gənclərinin cəlb edildiyini, onların döyüşmək istəmədiklərini, ailələrinin qorxu və təzyiq altında saxlandığını bildirib. İbrahim Yaqanov deyib ki, Şimali Qafqaz xalqları- ləzgilər, çərkəzlər və çeçenlər Rusiya ordusunun mobilizasiyası üçün “əsas baza”ya çevrilib, onlar kütləvi şəkildə qırğına verilir, açıq şəkildə ölümə göndərilir. Bu gün həmin regionlarda doğum faizi aşağı düşür, demoqrafik böhran yaşanır. İş o yerə çatıb ki, ictimai nəqliyyatdan qeyri-rusları düşürüb birbaşa müharibəyə aparırlar, adı da belə qoyulur ki, onlar guya könüllülərdir. Müharibədə ölənlərin hamısına isə ölüm haqqında şəhadətnamə verilmir, itkin düşənlərin qeydiyyatı aparılmır, cəsədlərin çoxu yandırılır və ya kütləvi dəfn edilir, itkilər bardə bütün rəqəmlər saxtalaşdırılır. Çərkəzlər kimi digər qeyri-rus əsilli xalqların nümayəndələri illərdir ki, doğmalarından, əzizlərindən heç bir məlumat ala bilmir.
Litvadan konfransa qatılan Ümumdünya Çərkəz İttifaqının sədri Fatimat Kardanova-Ianonene çərkəzlərin harayına səs verdiyi üçün Azərbaycana təşəkkür edib. O, uzun əsrlər Rusiyanın müstəmləkəçilik siyasətindən əziyyət çəkmiş Azərbaycanın Şuşa zəfərinin Rusiyada müstəmləkə zülmündən əziyyət çəkən bütün xalqlar üçün ilham mənbəyi olduğunu vurğulayıb. O, bu Zəfərlə Rusiya zülmünə Qafqazda ilk Azərbaycanın son qoya bildiyini xüsusi qeyd edib. Fatimat Kardanova-Ianonene müstəqilliyin çərkəzlərin də tarixi haqqı olduğunu bildirib, bu yoldan heç vaxt dönməyəcəklərini diqqətə çatdırıb.
Azərbaycan Milli QHT Forumunun İdarə Heyəti üzvü Zaur İbrahimli deyib ki, Moskva rejiminin irticaçı davranışlarının güclənməsi göstərir ki, Kremldə pəncərədən baxanda hələ də elə başa düşürlər ki, ya Çar dövrüdür, ya da Stalin dövrü, amma heç biri deyil, qarşılarındakılar da həmin müti xalqlar deyil. Z.İbrahimli Rusiyada qeyri-ruslara basqılar artdıqca onların milli oyanışının da güclənəcəyini qeyd edib. O, son vaxtlar Rusiyada azərbaycanlılara qarşı da yeni hücumların olduğunu bildirib və bunları qəbuledilməz adlandırıb. Azərbaycan Milli QHT Forumunun İdarə Heyəti üzvü deyib ki, Rusiyada nəhayət anlamalıdırlar ki, əvvəlki metodlar daha işləmir, tarix, dövr radikal şəkildə dəyişib.

Azərbaycanın Mədəni və Etnik Müxtəliflik Mərkəzinin sədri Seyfəddin Hüseynli xatırladıb ki, ötən il Rusiya hüquq mühafizə orqanları tərəfindən 2 qardaşı – Hüseyn və Ziyəddin Səfərovlar evlərində, ailələrinin gözləri önündə işgəncələrə məruz qoyulub və öldürülüb, onların “yeganə günahı” etnik mənsubiyyətləri olub. Ardınca digər qardaşı Bakir Səfərov həbs edilib, ona qarşı saxta məhkəmə qurulub və bu yaxınlarda minlərlə kilometr uzaqda – Sibirin dərinliklərindəki həbsxanaya göndərilib. O, bu cür halların Rusiyada adiləşdiyinə diqqət çəkib və prosesləri diqqətlə izlədiklərini qeyd edib. S.Hüseynli Rusiya hakimiyyətini qeyri-ruslara, o cümlədən çərkəzlərə qarşı repressiyalara son qoymağa çağırıb.
Mədəni və Etnik Müxtəliflik Mərkəzinin sədri xüsusi vurğulayıb ki, insan ləyaqətinin milliyyəti yoxdur, qanunun etnik üzü olmamalıdır.
Almaniyadan konfransa qatılan Azad Millətlər Liqasının Rəyasət Heyətinin və Ümumdünya Çərkəz Agentliyi Şurasının üzvü Rüstəm Xuajayev çərkəzlərin öz vətənlərində təqibdə qalmasını Rusiyanın beynəlxalq hüquqla hesablaşmaması ilə əlaqələndirib. O, deyib ki, Rusiyada qeyri-ruslara qarşı özbaşınalıqlar getdikcə artır. Rüstəm Xuajayev xüsusilə Qaraçay çərkəzlərinin daha ağır vəziyyətə düçar edildiyini bildirib. O, çərkəzlərin torpaqlarının Rusiya tərəfindən işğal edildiyini, azadlığa qovuşmaq üçün çərkəzlərin milli birlik nümayiş etdirməsinin vacibliyini önə çəkib.
Müzakirələrdə o da bildirib ki, Rusiya işğal etdiyi yerlərdə ilk əvvəl həbsxanalar inşa edir.
Qərara alınıb ki, müzakirələr bundan sonra da intensiv davam etdirilsin.

Latest articles

More like this