Cənab Prezident İlham Əliyevin oktyabrın 8-də Türkmənistanda keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxışı Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin hansı səviyyəyə yüksəldiyini bir daha aydın şəkildə göstərdi.
BEY.AZ xəbər verir ki, Azərbaycanın ötən ilin noyabrında Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatına tamhüquqlu üzv qəbul olunması mühüm siyasi hadisədir. Bu qərarın yekdilliklə dəstəklənməsi Azərbaycanın region dövlətləri ilə münasibətlərində yüksək etimadın və qarşılıqlı hörmətin formalaşdığını göstərir. Bu, eyni zamanda, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü xarici siyasətin mühüm nəticələrindən biridir.
Bu gün Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında əlaqələr yalnız siyasi münasibətlərlə məhdudlaşmır. İqtisadiyyat, investisiya, nəqliyyat, logistika, energetika və digər sahələrdə əməkdaşlıq sürətlə genişlənir. Ötən il ticarət dövriyyəsinin 50 faizdən çox artması və Mərkəzi Asiya ölkələrinin kapitalı ilə Azərbaycanda 400-dən artıq şirkətin fəaliyyət göstərməsi bu əməkdaşlığın artıq real iqtisadi nəticələr verdiyini göstərir.
Xüsusilə investisiya sahəsində görülən işləri qeyd etmək lazımdır. Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb. Bu fondların imkanlarından səmərəli istifadə etməklə yeni istehsal müəssisələrinin yaradılması, birgə layihələrin həyata keçirilməsi və sənaye əməkdaşlığının genişləndirilməsi üçün ciddi imkanlar yaranır.
Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrində nəqliyyat və logistika istiqaməti də xüsusi əhəmiyyət daşıyır. Orta Dəhlizin inkişafı bu baxımdan xüsusi qeyd olunmalıdır. Azərbaycan həm Xəzər üzərindən keçən marşrutun əsas halqalarından biri, həm də Avropa ilə Mərkəzi Asiyanı birləşdirən mühüm nəqliyyat qovşağıdır. Son illərdə ölkəmizdə yaradılmış müasir yol, dəmir yolu, liman və logistika infrastrukturu Azərbaycanın bu prosesdə rolunu daha da gücləndirib.
Energetika sahəsində əməkdaşlığımız da strateji xarakter daşıyır. Mərkəzi Asiya ölkələrindən neftin Azərbaycan ərazisi ilə dünya bazarlarına çıxarılması, eyni zamanda Qazaxıstan və Özbəkistanla yaşıl enerji və bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi Azərbaycanın regional enerji təhlükəsizliyində rolunu artırır.
Mən xüsusi olaraq Mərkəzi Asiya ölkələrinin işğaldan azad edilmiş ərazilərimizin bərpasına verdiyi dəstəyi də qeyd etmək istəyirəm. Özbəkistanın Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstanın Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstanın Ağdamda Manas adına məktəb inşa etməsi, Türkmənistanın isə Füzulidə məscid tikməsi bizim üçün böyük mənəvi əhəmiyyət daşıyır.
Bu layihələr təkcə tikinti və infrastruktur layihələri deyil. Bunlar Azərbaycanla Mərkəzi Asiya xalqları arasında tarixi, mənəvi və qardaşlıq bağlarının konkret ifadəsidir. Qarabağın və Şərqi Zəngəzurun bərpası prosesində qardaş ölkələrin iştirakı xalqlarımız arasındakı həmrəyliyin çox mühüm göstəricisidir.
Prezident İlham Əliyevin çıxışında bir daha vurğulandı ki, regional əməkdaşlığın inkişafı üçün əsas şərtlərdən biri sülh və təhlükəsizliyin təmin olunmasıdır. Azərbaycan bütün bu proseslərdə sabitliyin, qarşılıqlı etimadın və əməkdaşlığın gücləndirilməsinə öz töhfəsini verir.
Bu gün Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərində yeni mərhələnin şahidiyik. Bu mərhələnin əsas xüsusiyyəti siyasi yaxınlığın konkret iqtisadi, nəqliyyat, enerji və humanitar layihələrlə tamamlanmasıdır.
Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan artıq Mərkəzi Asiya ilə Avropa arasında əlaqələrin inkişafında mühüm tərəfdaş və etibarlı tranzit ölkə kimi öz mövqeyini daha da möhkəmləndirib.
Hesab edirəm ki, qarşıdakı dövrdə Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlıq daha da genişlənəcək. Bu münasibətlər yalnız ölkələrimizin iqtisadi və siyasi maraqlarına deyil, bütövlükdə regionda sülhə, sabitliyə və davamlı inkişafa xidmət edəcək.
