Asiya İnkişaf Bankı (AİB) 2026-cı ildə Azərbaycanda orta illik inflyasiyanı 5,9 %, 2027-ci ildə isə 5 % səviyyəsində proqnozlaşdırır.
BEY.AZ xəbər verir ki, AİB-in cari il üçün inflyasiya proqnozu iyul proqnozu ilə müqayisədə 0,2 faiz bəndi (pp), növbəti il üçün isə 0,1 faiz bəndi artırılıb.
AİB izah edir ki, düzəliş karbohidrogen qiymətlərinin daxili iqtisadiyyata davamlı təsirindən irəli gəlir ki, bu da 2026-cı ilin ikinci yarısında inflyasiyanın sürətlənməsinə səbəb olacaq.
“Artan inflyasiya gözləntilərinə cavab olaraq Mərkəzi Bank pul-kredit yumşaldılması dövrünü dayandırdı və inflyasiya proqnozunu artırdı. İlin ikinci yarısında daha yüksək inflyasiya gözləntilərinə görə AİB də proqnozlarını yenidən nəzərdən keçirmək qərarına gəldi”, – bankın hesabatında deyilir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə Azərbaycanda orta illik inflyasiya 5,6 %, 2026-cı ilin yanvar-avqustu ərzində isə 5,7 % təşkil edib.
İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, ölkədə orta illik inflyasiya 2026-cı ildə 5,7 %, 2027-ci ildə isə 5,3 % təşkil edəcək.
Mərkəzi Bankın hesablamalarına görə (iyul 2026), cari il illik inflyasiya 6,1 %, 2027-ci ildə isə 5,8 % olacaq.
BMT bu il Azərbaycanda inflyasiyanın 3,1 % olacağını proqnozlaşdırır. Dünya Bankı 2026-cı ildə Azərbaycanda orta illik inflyasiyanın 2,3 % olacağını gözləyir.
“Moody’s” beynəlxalq reytinq agentliyi bu il Azərbaycanda orta illik inflyasiyanın 3 %, “Fitch Ratings” 4,6 %, “Fitch Solutions” isə 5,5 %, 2027-ci ildə 4,8 % olacağını proqnozlaşdırır.
Niderlandın ən böyük maliyyə və bank qrupu olan “ING Group”, Azərbaycanda illik inflyasiyanın 2026-cı ildə 5,8 %, 2027-ci ildə isə 5,6 % olacağını gözləyir.
