EvXəbərlərAzərbaycanda kimlər pensiyaya 5, 15, hətta 20 il tez çıxa bilər?

Azərbaycanda kimlər pensiyaya 5, 15, hətta 20 il tez çıxa bilər?

Published on

spot_img

Yaş həddinə çatmadan əmək pensiyasına çıxmaq istəyən şəxslər üçün qanunvericilikdə bir sıra güzəştlər nəzərdə tutulub.
BEY.AZ xəbər verir ki, Trend-in qüvvədə olan qanunvericilikdən əldə etdiyi məlumata görə, çoxuşaqlı valideynlərdən tutmuş hərbçilərə, prokurorluq və ədliyyə orqanlarının əməkdaşlarına, eləcə də ağır və zərərli işlərdə çalışanlara qədər müxtəlif kateqoriyadan olan şəxslər müəyyən şərtlərlə daha erkən pensiyaya çıxa bilərlər.
Uşaqların sayından, iş şəraitindən, peşədən və xidmət stajından asılı olaraq, bəzi şəxslər üçün pensiya yaşı 5, 15 və hətta 20 il azaldılır.
Beş və daha çox uşağı olan, yaxud əlilliyi olan uşağı olan qadın və kişilərin pensiya yaşı 5 il azaldılır. Bu güzəştdən yararlanmaq üçün uşaqların səkkiz yaşınadək sağ olması tələb olunur. Övladlığa və ya qəyyumluğa götürülmüş, valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək uşaqlar da bu hesablamaya daxildir.
Kişilərə bu güzəşt müəyyən hallarda şamil edilir. Bunun üçün ananın vəfat etməsi, məhkəmə qərarı ilə ölmüş və ya xəbərsiz itkin düşmüş elan olunması, valideynlik hüququndan məhrum edilməsi və ya nikaha xitam verilməsi nəticəsində uşağın və ya uşaqların atanın himayəsinə verilməsi tələb olunur.

Yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə, eləcə də incəsənətin xüsusi sahələrində çalışan şəxslər də güzəştli pensiya hüququ əldə edə bilərlər. Bunun üçün müvafiq siyahıda nəzərdə tutulan işlərdə kişilərin azı 12 il 6 ay, qadınların isə azı 10 il çalışması tələb olunur. Bu şəxslərin pensiya yaşı 5 il azaldılır.
Hipovizqanizm xəstəliyinə tutulan şəxslərin (liliputların) və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin azı 5 il sığorta stajı olduqda pensiya yaşı 20 il azaldılır.
Mülki aviasiyanın uçuş və uçuş-sınaq heyətində müvafiq vəzifələrdə çalışanlar da erkən pensiyaya çıxa bilərlər. Həmin işlər üzrə azı 25 il sığorta stajı olanların pensiya yaşı 15 il azaldılır. Səhhətinə görə uçuş işindən azad edilən şəxslər üçün isə həmin işlər üzrə azı 20 il sığorta stajı tələb olunur.
Prokurorluq orqanlarında azı 35 il qulluq etmiş şəxslərin yaşa görə əmək pensiyası hüququ var. Həmçinin yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, ümumi iş stajı azı 35 il, bunun ən azı 17 il 6 ayı prokurorluq orqanlarında qulluq stajı olan şəxslər də bu hüquqdan yararlana bilərlər. Xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri bu güzəştə aid edilmir.

Hərbi qulluqçular üçün də bir neçə əsas mövcuddur. Hərbi xidmətdən buraxılanadək azı 25 təqvim ili xidmət etmiş şəxslər yaşa görə əmək pensiyası hüququ əldə edə bilərlər.
Bundan başqa, yaşa görə hərbi xidmətdən buraxılan, ümumi iş stajı azı 30 il olan və bunun ən azı 15 ilini hərbi xidmətdə keçirən şəxslər də pensiyaya çıxa bilərlər.
Xəstəliyinə, səhhətinin məhdud imkanlarına və ya ştatların ixtisarına görə hərbi xidmətdən buraxılan şəxslər üçün isə əlavə şərtlər var. Onların buraxıldığı gün azı 48 yaşı, ümumi iş stajı azı 30 il, hərbi xidmət stajı isə azı 15 il olmalıdır.
Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş və azı 15 il hərbi xidmət keçmiş hərbi qulluqçular da güzəştli pensiya hüququna malikdirlər.
Ədliyyə, miqrasiya və fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq və ya xidmət stajı olan əməkdaşlar da yaşa görə əmək pensiyası ala bilərlər. Bu güzəşt xüsusi rütbələrdən məhrum edilmiş şəxslərə şamil olunmur.
Hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin edilir. Pensiya təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilərək xidmətdən buraxılan şəxslərin pensiyasının sonuncu təminat xərcliyinə əsasən yenidən hesablanmasına, ümumi qayda olaraq, yol verilmir. Lakin yenidən hərbi xidmətə qəbul edildikdən sonra azı 72 ay xidmət edənlər, məhkəmə qərarı ilə hərbi xidmətə bərpa olunanlar, hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslər və ali zabit heyətinə aid şəxslər istisnadır.

Latest articles

More like this