Bəzi turoperatorların Türkiyə istiqamətinə erkən rezervasiyalarla bağlı adambaşına 65 ABŞ dollar məbləğində əlavə ödəniş tələbi turistlərlə turagentlikləri üz-üzə qoyub. Turoperatorlar dünyada yanacağın qiymətinin bahalaşmasını əsas gətirərək aviabiletlərin qiymətində dəyişiklik olduğunu bildirir və əlavə ödəniş tələb edirlər.
Bəs erkən rezervasiyalar üçün əlavə ödəniş tələb etmək hansı hüquqi və etik qaydalara uyğundur? Bu, müştərilərin hüquqlarını pozmurmu?
“İnsanlar ucuz olması üçün paketi 3-5 ay qabaqdan əldə ediblər”
Turizmçi Rəhman Quliyevin sözlərinə görə, adətən vətəndaşlar həm qiymət, həm seçim baxımından əlverişli olması üçün öncədən turpaketlər sifariş edirlər: “Amma indi turoperatorların əvvəldən satılan məhsul üçün adambaşına əlavə 65 ABŞ dolları tələb etmələri əsassızdır. Turagentliklər bu məsələni başa düşsələr də, turistlərin bunu anlayışla qarşılamaları mümkünsüzdür. Çünki insanlar ucuz olması üçün paketi 3-5 ay qabaqdan əldə ediblər. Biz onlayn saytlara da nəzər salsaq görərik ki, hələlik aviabiletlərin qiymətində bahalaşma olmayıb. Düzdür, dünyadakı geosiyasi vəziyyətə görə enerji və loqistika qiymətləri qalxıb. Yanacaq qiymətlərində də qalxma müşahidə olunur. Bu da yaxın gələcəkdə aviabiletlərin qiymətinin qalxmasına ehtimal verir. Amma bu reallıq bu gündən sonraya rəsmiləşdirilən rezervasiyalara şamil olunmalıdır”. R.Qliyev bildirir ki, öncədən paket satan turoperatorlar bir neçə ay əvvəldən 30 faiz ödənişi alıblar: “Onlar öz işlərini düzgün şəkildə həll etsəydilər, müqaviləni aviaşirkətlə düzgün bağlasaydılar və əldə etdikləri 30 faizdən qrup şəklində ödəniş etsəydilər, həmin blok yerləri müqavilədə bağlanan qiymətlə əldə etmiş olardılar. Aviabileti 30 faiz pulla 100 faiz də əldə etmək mümkün idi. Amma etməyiblər və indi turoperatorların səhvi ucbatından bazarda anlaşılmazlıq yaranıb”. Turizmçi yaranan problemdə AZAL-ın rolunun olmadığını bildirir: “AZAL heç bir müştəriyə zəng edib deməyib ki, əlavə ödəniş edin. Zamanında turoperatorlar əldə etdikləri 30 faizdən pul ödəyib biletləri alsaydılar, bu problem heç zaman olmayacaqdı. İndi isə çətin bir durum yaranıb. Turagentlər, kiçik vergi ödəyicisi olan firmalar kütləvi surətdə zərərlə işləyirlər. Bu da iş yerlərinin bağlanmasına və kütləvi işçi ixtisarlarına gətirib çıxaracaq”.
“Bu, turizm bazarındakı qaydalara açıq hörmətsizlikdir”
Turizmçi Lalə Paşayevanın sözlərinə görə, turoperatorlar və hava yolu şirkətləri arasında müqavilələrdə əvvəlcədən rezerv edilmiş yerlər “qəti” (hard block) və “müvəqqəti” (soft block) olaraq bölünür. Əgər yerləri “qəti rezervasiya” olaraq götürüblərsə, bu halda bütün yerlərin pulunu əvvəldən ödəyirlər və hava yolu şirkəti qiyməti dəyişsə belə, bunun turoperatora (sifarişçiyə) aidiyyəti olmur. Amma müvəqqəti rezervasiyalarda şərtlər fərqlidir: “Görünür, indi qiymətləri artıranlar “qəti rezervasiya” etməyiblər”. Həmsöhbətimizin sözlərinə görə, turizm agentliklərinin rəsmi olaraq, turoperatordan hava yollarının onlara göndərdiyi məbləği və şərti paylaşmağı tələb etmək haqları var: “Rezervasiya qiymətlərində dəyişiklik yalnız xüsusi fors-major hallarda, məsələn, ciddi inflyasiya olarsa yarana bilər. İndiki halda isə qeyri-rəsmi olaraq süni qiymət artımından söhbət gedir. AZAL dövlətə bağlı şirkətdir. Şirkətin reyslərində ciddi qiymət artımı yoxdur”. Turizmçi bildirir ki, ümumiyyətlə, dünyanın heç bir yerində bir neçə ay əvvəldən alınan turizm məhsulu üçün sonradan qiymət dəyişimi ola bilməz:
“Əgər müqavilə şərtində boşluq yoxdursa bu, baş verə bilməz. Amma əgər bu olsa belə, sifarişçi bizdən 30 % ilkin ödəniş tələb edib və bununla təyyarə biletlərinin alışını tənzimləyə bilər”. L.Paşayeva bildirir ki, müştərilərdən əlavə ödəniş istənilməsi təkcə etik normaların pozulması deyil, həm də turizm bazarında formalaşmış qaydalara açıq hörmətsizlikdir: “Qiymət artımının geriyə tətbiq olunması tamamilə əsassızdır və heç bir iş prinsipinə uyğun gəlmir. Əlavə ödənişin tələb olunması bütün yükü turizm şirkətlərinin üzərinə atır və bizi seçim qarşısında qoyur: ya zərəri özümüz qarşılayaq, ya da müştəri etibarını itirək”. Turizmçinin sözlərinə görə, bu vəziyyət xüsusilə yüksək satış həcmi olan turizm şirkətləri üçün kritik maliyyə riskləri yaradır və davam edəcəyi təqdirdə sektorun bir hissəsinin fəaliyyətini dayandırması qaçılmaz olacaq.
“Bu tələb heç bir beynəlxalq təcrübəyə əsaslanmır”
Turizmçi Aidə Məlikova deyir ki, turizm təcrübəsi müddətində ilk dəfədir ki, belə bir halla qarşılaşır: “Turoperatorun bizə verdiyi məlumatda hava yolları şirkətləri tərəfindən tələbin irəli sürüldüyü deyilib. Lakin bununla bağlı hər hansı rəsmi sənəd təqdim edilməyib. Sadəcə, e-mail və sistemdə elan şəklində paylaşılıb. Əslində təsdiq gəldikdən sonra rezervasiyalarda qiymət dəyişimi olmamalıdır. Həmçinin hər hansı dəyişiklik olarsa, müştəri tərəfindən bu, cərimə ilə tənzimlənir. Hotel təsdiq verdikdən və ilkin 30 % ödənəndən sonra, bəzi hallarda tam ödəniş də edilir. Müştəridən aylar sonra məbləğ tələb etmək heç bir beynəlxalq təcrübəyə əsaslanmır”. (“Kaspi” qəzeti)
