İraqın xarici işlər naziri Fuad Hüseyn İranın İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzaninin ofisinə hücumla bağlı rəsmi açıqlama verməsini tələb edib.
BEY.AZ xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyi Hüseynin iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığından sonra yayılan məlumatda bildirib.
Telefon danışığında Bərzaninin ofisinə hücum məsələsi müzakirə olunub. Fuad Hüseyn hadisəni regionda gərginliyi artıra və sabitliyi poza biləcək “təhlükəli presedent” kimi qiymətləndirib və İrandan insidentlə bağlı rəsmi mövqeyini açıqlamasını istəyib.
Abbas Əraqçi isə Tehranın hücumun İran ərazisindən həyata keçirildiyini təsdiqləyən hər hansı məlumata malik olmadığını deyib. O, İran hökumətinin məsələ ilə bağlı mövqeyini əks etdirən rəsmi bəyanat yayacağını bildirib.
Qeyd edək ki, daha əvvəl Məsrur Bərzaninin ofisinə İran pilotsuz uçuş aparatının hücum etdiyi açıqlanıb. Bərzani həmçinin şəxsi ofisinin və Təhlükəsizlik və Kəşfiyyat Agentliyinin rəhbərinin iqamətgahının İran dronlarının hücumuna məruz qaldığını bildirib. O, hadisəni təhlükəli eskalasiya və İraq Kürdüstanının təhlükəsizliyi ilə sabitliyinə birbaşa təhdid adlandırıb.
