“Microsoft”un təsisçisi Bill Qeytsin qızı Fibi “Phia” startapının “cookie” faylları vasitəsilə dələduzluq etdiyi və qanunsuz gəlir əldə etdiyi sübut olunarsa, onu 20 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
BEY.AZ xəbər verir ki, bu barədə intellektual mülkiyyət sahəsi üzrə amerikalı hüquqşünas Ariel Qivner “Bloomberg”in məlumatını şərh edərkən “X” sosial şəbəkəsində bildirib.
Agentliyin mənbələrə və daxili yazışmalara istinadla verdiyi məlumata görə, 23 yaşlı Qeyts və onun tərəfdaşı, elektron ticarət sahəsində “Phia” layihəsinin həmtəsisçisi Sofiya Kianni ən azı yeddi ay ərzində saxta “cookie” fayllarından istifadə olunduğundan xəbərdar olublar.
Qivnerin sözlərinə görə, ABŞ məhkəmələri adətən bu cür əməlləri federal səviyyəli şəbəkə dələduzluğu kimi tövsif edirlər.
“Maksimum 20 ilədək azadlıqdan məhrumetmə cəzası, üstəlik cərimələr və təzminat ödənişi istisna olunmur”, – deyə o yazıb.
“Phia” endirimləri axtararaq ən sərfəli qiymət təkliflərini tapmağa kömək edən rəqəmsal şəxsi alış-veriş köməkçisidir. Startapın tərtibatçıları istifadəçinin bu tətbiq vasitəsilə keçid etdiyi saytdakı satışdan faiz alırlar. Lakin tətbiq istifadəçinin ticarət platformasına necə daxil olmasından asılı olmayaraq, onun xəbəri olmadan öz məlumatlarını istənilən alış-verişə bağlayırdı. Beləliklə, “Phia” şirkəti hətta bu servisin heç bir aidiyyəti olmadığı əqdlərdən belə komissiya haqqı əldə edirdi.
Hüseyn İbadlı
