İngiltərənin Şərqi Sasseks qraflığında, Lüis şəhəri yaxınlığında qatarın relsdən çıxması nəticəsində 11 nəfər xəsarət alıb.
BEY.AZ xəbər verir ki, bu barədə “Sky News” telekanalı İngiltərənin cənub-şərq sahili təcili yardım xidmətinin bəyanatına istinadla məlumat yayıb.
“Biz iki xəstənin ağır xəsarət aldığını təsdiqləyə bilərik. Daha doqquz xəstə isə daha yüngül xəsarətlər alıb”, — deyə məlumatda bildirilir.
“Sky News” qeyd edib ki, pasiyentlər müayinə olunub və onlara yerindəcə yardım göstərilib. Bəziləri növbəti müalicə üçün yerli xəstəxanalara çatdırılıb. Londondan İstborn şəhərinə gedən qatarda ümumilikdə 150-yə yaxın insanın olduğu dəqiqləşdirilir.
Hadisə ilə əlaqədar İngiltərənin cənubunda sərnişin daşınması qismən iflic olub. Operatorlar qatarların ehtimal olunan gecikmələri və ləğvləri barədə xəbərdarlıq ediblər. Onlar imkan daxilində günün sonunadək səfərlərdən çəkinməyi tövsiyə ediblər.
Hüseyn İbadlı
