Bu gün dövlət qulluğu vəzifələrinin A və B növünə aid vəzifə qrupları üzrə test imtahanı keçirilir.
BEY.AZ xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Bildirilib ki, imtahan saat 10:00 və 16:00 olmaqla iki növbədə kompüterlər vasitəsilə 3 saat müddətində aparılır. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olurlar. Nəticələr həmçinin DİM-in saytına da yerləşdiriləcək.
Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədlərə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.
Test imtahanından müvəffəqiyyətlə keçən namizədlər sertifikatı əldə etmək üçün iyulun 6-dan 17-dək DİM-in portalında müraciət formasını doldurmalıdırlar. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:
ali təhsil haqqında sənədin surəti;
əmək kitabçasının surəti (olduğu halda).
Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.
İmtahanların nəticələri ilə bağlı Apellyasiya Komissiyası 6-8 iyul tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin əsas inzibati binasında fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 299.
07:30
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 5 iyul 2026-cı il tarixində dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AC altqrupu və dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB altqruplarına uyğun vəzifələr üzrə test imtahanları keçiriləcək.
BEY.AZ xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
İmtahanlar saat 10:00-da və 16:00-da başlanır. Müvafiq olaraq saat 09:45-dən və 15:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar. Namizədlərin imtahana buraxılış vərəqələrində imtahan yeri, vaxtı, binası, imtahana gəlməli olan saat və digər zəruri məlumatlar göstərilib.
İmtahanlara qeydiyyat 2026-cı il iyunun 19-dan 26-dək aparılıb və bu müddət ərzində 1067 namizəd ərizə təqdim edib.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
Şəxsiyyəti təsdiq edən sənədin əsli;
“İmtahana buraxılış vərəqəsi”.
İmtahanlar elektron formada kompüterlər vasitəsilə Bakı şəhərində təşkil olunacaq. İmtahanların keçirilməsi üçün 1 ümumi imtahan rəhbəri, 10 zal admini, 68 nəzarətçi və 10 buraxılış rejimi əməkdaşı ayrılıb.
