EvXəbərlərEkran qarşısında böyüyən nəsil - Onları real təhlükədən qorumaq mümkündür?

Ekran qarşısında böyüyən nəsil – Onları real təhlükədən qorumaq mümkündür?

Published on

spot_img

Müasir dövrdə smartfon, planşet və kompüterlər təkcə əyləncə vasitəsi deyil, həm də təhsil, ünsiyyət və informasiya əldə etmək üçün mühüm alətlərə çevrilib. Bu baxımdan uşaqları telefon və kompüterdən tamamilə uzaq saxlamaq onların rəqəmsal bacarıqlarının inkişafına mənfi təsir göstərə, texnologiya ilə ayaqlaşmaq imkanlarını məhdudlaşdıra bilər.
Lakin digər tərəfdən, uşaqlar günlərinin əhəmiyyətli hissəsini sosial şəbəkələrdə, video platformalarda və müxtəlif rəqəmsal tətbiqlərdə keçirirlər. Bu texnologiyalardan uzun müddət istifadə asılılıq riskini artırır, real sosial münasibətləri zəiflədir, davranış və həyat tərzinin virtual mühitin təsiri altında formalaşmasına səbəb olur. Bu vəziyyət isə bir çox valideynlərdə haqlı olaraq ciddi narahatlıq yaradır.
Çıxış yolu texnologiyanı tam qadağan etməkdir, yoxsa ailədə düzgün rəqəmsal mədəniyyət və balanslı istifadə vərdişləri formalaşdırmaq?
Mövzu ilə bağlı BEY.AZ-a danışan sosioloq Üzeyir Şəfiyev bildirdi ki, müasir dövrdə cəmiyyət artıq rəqəmsal mühitin və sosial şəbəkə reallığının təsiri altında yaşayır. Onun sözlərinə görə, bu tendensiya həm qlobal səviyyədə, həm də Azərbaycanda açıq şəkildə müşahidə olunur:
“Xüsusilə alfa, Z və beta nəsillərinə aid uşaqlar və yeniyetmələr smart qurğular, sosial şəbəkələr və internet resursları ilə sıx əlaqədədirlər. Bu platformaların onların həyatına həm müsbət, həm də mənfi təsirləri mövcuddur.

Müsbət tərəfdən yanaşdıqda, uşaqlar və yeniyetmələr smart qurğular vasitəsilə dil biliklərini artırır, dünyagörüşlərini genişləndirir, yeni bacarıqlar əldə edir, hətta gələcək karyeralarının formalaşmasına töhfə verən biliklər qazanırlar. Lakin sosial şəbəkələrdə yayılan neqativ məzmun, zərərli informasiyalar və uyğun olmayan paylaşımlar onların psixoloji, sosial və davranış inkişafına mənfi təsir göstərə bilir.
Bu səbəbdən uşaqların və yeniyetmələrin telefon və sosial şəbəkələrdən istifadəsinə həm valideynlər, həm də məktəblər tərəfindən yumşaq nəzarət mexanizmlərinin tətbiqi vacibdir. Burada məqsəd qadağa deyil, düzgün istiqamətləndirmə və təhlükəsiz rəqəmsal davranış vərdişlərinin formalaşdırılması olmalıdır”.

Ü.Şəfiyev onu da qeyd etdi ki, ölkə başçısının 27 fevral 2026-cı ildə imzaladığı rəqəmsal mühitdə uşaqların zərərli kontent və informasiyalardan qorunmasına dair sərəncamda da bu məsələlər xüsusi vurğulanıb:
“Sərəncamda qeyd olunur ki, kurikulumlarda, tədris proqramlarında və dərs vəsaitlərində smart qurğulardan, internet resurslarından təhlükəsiz və düzgün istifadə qaydaları barədə məlumatlandırma aparılmalıdır. Bununla yanaşı, pedaqoqlara da bu istiqamətdə tövsiyələr verilir.
Hüquqi müstəvidə isə Nazirlər Kabinetinə tapşırılıb ki, üç ay müddətində orta məktəblərdə və məktəbəqədər müəssisələrdə uşaq və yeniyetmələrin smart qurğulardan istifadəsi ilə bağlı yaş və vaxt limitlərinin tətbiqinə dair mexanizmlər hazırlansın və dövlət başçısına təqdim edilsin”.
Sosioloq hesab edir ki, yaxın gələcəkdə sosial şəbəkə fəaliyyətini və rəqəmsal təhlükəsizliyi tənzimləyən əlavə hüquqi mexanizmlər, hətta ayrıca normativ qərar və qanunlar da qəbul edilə bilər:
“Yaş məhdudiyyətlərinin tətbiqi məsələsi də gündəmdədir və bunun praktik nəticələrini gələcəkdə Azərbaycanda görə bilərik. Lakin bu məsuliyyət yalnız dövlətin üzərinə düşməməlidir. Valideynlər, məktəblər və aidiyyəti qurumlar birlikdə fəaliyyət göstərməli, uşaqların və yeniyetmələrin smartfon və internetdən zərərli şəkildə asılılığının qarşısını almaq üçün koordinasiyalı sosial məsuliyyət mexanizmi formalaşdırmalıdırlar. Yalnız birgə əməkdaşlıq nəticəsində uşaqları rəqəmsal mühitin risklərindən daha effektiv qorumaq mümkündür”.
Müəllif: Gülnar Süleymanova

Latest articles

More like this