Almaniyada elektrik enerjisinin qiyməti G20 ölkələri üzrə orta göstəricini iki dəfədən çox üstələyir.
BEY.AZ xəbər verir ki, təhlillərə görə, ölkədə 1 kilovat-saat elektrik enerjisinin qiyməti 35,6 sentdir. Bu göstərici ilə Almaniya G20 ölkələri arasında birinci yerdədir. İtaliyada qiymət 34,5, Böyük Britaniyada isə 32,4 sent təşkil edir.
G20 üzrə orta qiymət 16,3 sent olduğu halda, Fransada bu göstərici 23,3, ABŞ-da isə 18,3 sentdir.
Araşdırmanı aparan “Verivox” müqayisə portalı Almaniyada elektrik enerjisinin baha olmasının əsas səbəblərindən biri kimi vergilər, rüsumlar və şəbəkə haqlarını göstərib. Bildirilib ki, bu ödənişlər elektrik enerjisinin yekun qiymətinin 60 faizindən çoxunu təşkil edir.
İqtisadi birliklər və siyasətçilər hökuməti elektrik enerjisi vergisinin azaldılması istiqamətində addımlar atmağa çağırıblar.
