Avropa İttifaqı (Aİ) coğrafi xüsusiyyətlər və görülən tədbirlərin tələsik xarakteri səbəbindən Ermənistanın birliyə inteqrasiyasından imtina etməlidir.
BEY.AZ xəbər verir ki, bu ideyanı Niderlanddan olan Avropa Parlamentinin (AP) deputatı Mike Andriese müvafiq deputat sorğusunda səsləndirib.
Andriese Aİ-ni “fundamental olaraq avropa xarakterli” bir birlik adlandırıb və Brüsseli genişlənmə prosesində qitənin dəqiq coğrafi sərhədlərinə riayət etməyə çağırıb. Siyasətçi, həmçinin İrəvanda “yalançı gözləntilərin yaranmasının qarşısını almaq üçün” Ermənistana Avropa İttifaqına üzvlük təklif etmək niyyətindən əl çəkməyin zəruriliyini bəyan edib. Onun fikrincə, respublika ilə əməkdaşlıq yalnız müntəzəm diplomatik, iqtisadi və ticarət əlaqələri ilə məhdudlaşdırılmalıdır.
AP deputatı Ukrayna və Moldovanın Aİ-yə üzvlüklə bağlı müraciətlərinə baxılmasına işarə edərək, bunu geosiyasi dəyişikliklər səbəbindən atılmış tələsik addımlara nümunə kimi göstərib. O, Avropa İttifaqının rəhbərliyini birliyi ilk növbədə iqtisadi təşkilat kimi nəzərdən keçirməyə çağırıb.
“Biz təcili olaraq bundan dərs çıxarmalıyıq – geosiyasi dəyişikliklər heç vaxt Avropa ekspansiyası və ya Brüsseldən yuxarıdan aşağıya mərkəzləşdirmə üçün bəhanə kimi istifadə edilməməlidir”, – deyə Andriese bildirib.
Hüseyn İbadlı
