Hicab məsələsində əvvəldən iki məsələ xüsusilə əhəmiyyətli olub:1. Məktəbdə geyim qaydalarının məqsədli şəkildə “Azərbaycanda hicab qadağası” kimi təqdim edilməsi və bu istiqamətdə kampaniya aparılması;
2. Baş verənlərdə xarici ambisiyalar, məsələni Azərbaycan əleyhinə maraqlara çevirmək cəhdləri;İran amilində bu, əvvəldən aydın görünürdü və gücləndirici işarələr vardı: Qumdakı toplantı, təbliğat vasitələri, istifadə etdikləri mexanizmlər; hətta Gürcüstan da daxil olmaqla müxtəlif ölkələrdə təsir dairələrinə saldıqları azərbaycanlıların da sinxron fəaliyyəti gözdən qaçmır.Türkiyədən sərgilənən mövqe strateji münasibətlər və qardaşlıq amilinə görə cəmiyyətdə bir qədər təəccüb yaratsa da, gözlənilən idi. Və səbəb təkcə təriqət və camaatların siyasətə təsir etmək imkanı, eləcə də siyasiləşmiş dinin hakim dairələrdə təmsil olunması deyil, arxa fonda Azərbaycanın inanclı kəsimi üzərində təsir imkanları uğrundakı mübarizə də var.Burada İran və Türkiyənin maraqlarının uzlaşması görünsə də, xüsusilə məsələyə “vahid mövqe”dən yanaşmada, pərdəarxasında toqquşurlar. Fərqli oyunçuların da maraqları var, lakin iki ölkənin – İran (məzhəb amili) və Türkiyənin (etnik amil) təsir imkanları daha çoxdur.Prosesə Azərbaycanda dinin siyasiləşməsi fonunda baxa bilərik. Bu, 2005-ci ildən sonra (obyektiv və subyektiv səbəblər vardı) açıq şəkildə ortaya çıxdı. Hətta müxalifət partiyalarının siyasiləşməyə başlayan dini elektoratın dəstəyini qazanmaq uğrunda mübarizəsi də gözdən qaçmırdı. 2010-2011-ci illərdə “hicab aksiyaları” Azərbaycanda siyasi İslamın vitrinə çıxması – dini siyasiləşmənin ilk aktı olmalı idi ki, 2013-cü il seçkilərində müxalifət və iqtidarın bu kəsimi (Milli Şura İslam Partiyasını öz çətiri altına alanda iqtidar konstruktiv müxalifət üzərindən bu qüvvələri bölmək gedişi etdi) ələ almaq gedişlərinin şahidi olduq.2013-cü ildən sonra radikallaşma mərhələsi başlandı: “Müsəlman Birliyi Hərəkatı”nın yaranması, Nardaran (2015) və Gəncə (2018) hadisələri;İranın təsirində siyasiləşmiş dini kəsimin nəticə əldə etmək cəhdləri baş tutmadıqda zəifləmə mərhələsi başlandı, bu, həm də Tehranın dini müdaxilə imkanlarını da məhdudlaşdırdı. Burada iki amilin həlledici rolu vardı.Birincisi, siyasiləşmiş dini kəsimin radikal mərhələyə keçidi ictimai dəstəyi məhdudlaşdırdı;
İkincisi, prosesin arxasındakı İran faktoru cəmiyyətdə süngü ilə qarşılandı;2020-ci il müharibəsi və sonrasında isə Tehranın erməniyönümlü mövqeyi İranın Azərbaycandakı mövqelərinə ciddi zərbə vurdu, eləcə də bu ölkəyə tapınan kəsimin fəaliyyət manevrlərini zəiflətdi. Hərçənd, İrana bağlı kəsimin mövqləri zəifləsə də, ideoloji mövcudluqlarını davam etdirirlər.2020-ci ildən sonra Azərbaycanın ideoloji məkanında nə baş verdi?Qarabağ məsələsinin həlli ilə regionda dəyişən güc balansı və Bakı ilə Ankaranın strateji maraqlarına uyğun yaranan mənzərə Türkiyədəki siyasi İslamın Azərbaycanın ideoloji məkanına daxil olmaq, güclənmək imkanlarını da yaratdı. Bu, Azərbaycanın dini-ideoloji məkanında İranın zəifləyən mövqeyini Türkiyədəki siyasi İslamın tutmaq istəyidir. Və İrandan fərqli olaraq, daha riskli görünür.1. Türkiyə və Azərbaycanın milli kimliyə əsaslanan qardaşlığı buradan gələn dini-ideoloji müdaxilə təhlükəsinin cəmiyyət tərəfindən dərkini çətinləşdirir: Azərbaycan insanı qardaş ölkədən bu cür təhlükənin olması ehtimalını belə düşünmür;
2. Türkiyədəki siyasi İslamın – təriqətlər, dini camaatların müdaxiləsi daha mütəşəkkil şəkildə baş verir: FETÖ məsələsində belə təcrübə ilə qarşılaşmışıq və bu şəbəkənin yerini tutan dini qrupların Türkiyənin siyasi elitasında dəstəklənməsi də onların fəaliyyət imkanlarını genişləndirir;Bu risklər qarşısında dövlət ideoloji müdaxilələrə – İranın zəifləyən yerinin digər qüvvənin tutmasına, dinin siyasiləşməsinə – qarşı tədbir görməlidir. Məktəblərdən başlanan proses də nə qədər ağrılı olsa da, dini-ideoloji təhlükəsizliyin tərkib hissəsidir.Hərçənd, bu prosesi “idarəolunan xaos” olaraq da qiymətləndirə bilərik. Sərt addımlar nəticəsində yaranan gərginlik hər şeyi – dinin nə qədər siyasiləşdiyini, siyasiləşmiş kəsimin mümkün potensialını, hansı mərkəzlərin prosesdə iştirakını və daxildəki şəbəkələri, ictimai reaksiyasını ortaya çıxarır. Və ideoloji təhlükəsizlik istiqamətində addımlar baş verənlərdən çıxan nəticələrə uyğun atılır.Bəzən dövlətin üzü sərt olur, lakin prosesin sonunda inanclı kəsimin problemini yenə Azərbaycan dövləti həll edəcək. Baş verənlər xarici oyunçulara ideoloji müdaxilələrə imkan verilməyəcək mesajının çatdırılması ilə yanaşı, inanclı kəsimə kənar mərkəzlərə bel bağlamağın doğru olmadığını izah etmək baxımından da əhəmiyyətlidir.Asif Nərimanlı
