İran ABŞ-ı Konqresə keçiriləcək aralıq seçkilərdən əvvəl və ya sonra ölkəyə qarşı hərbi əməliyyata başlamaqdan çəkindirib.
BEY.AZ xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının komandanı Əli Abdollahı bildirib. Deyib ki, Vaşinqton seçkilərin nəticəsindən asılı olmayaraq İrana qarşı hər hansı addım atarsa, Tehran buna sərt cavab verəcək.
Abdollahı xəbərdarlıq edib ki, ABŞ özü və ya İsrailin təhriki ilə İrana qarşı hərəkətə keçərsə, İran Silahlı Qüvvələri dərhal və heç bir məhdudiyyət olmadan ABŞ-ın maraqlarına güclü zərbələr endirəcək.
“Əgər yenidən hərbi əməliyyatlar başlasa, onun alovu hamını bürüyəcək”, – deyə yüksək rütbəli iranlı hərbçi bildirib.
İranlı general həmçinin Beynəlxalq Atom Enerjisi Agentliyini (MAQATE) ölkənin nüvə obyektləri ilə bağlı açıqlamalardan çəkinməyə çağırıb. O, Tehranın nüvə silahı əldə etməyə çalışdığı barədə iddiaları “böyük yalan” adlandırıb və belə bəyanatların İrana qarşı yeni müharibəyə bəhanə kimi istifadə oluna biləcəyini bildirib.
Müəllif: Adəm
