İran rəhbərliyi Vaşinqtonun Tehran tərəfindən irəli sürülən beş şərti yerinə yetirəcəyi təqdirdə, münaqişənin nizamlanması üçün ABŞ ilə danışıqları bərpa etməyə hazır olduğunu bildirib.
Publika.az xəbər verir ki, bu barədə “Fars” agentliyi mənbəyə istinadla məlumat yayıb.
Bildirilib ki, tələblər siyahısına bütün cəbhələrdə, xüsusilə Livanda hərbi əməliyyatların dayandırılması, İrana qarşı tətbiq edilən sanksiyaların ləğvi, dondurulmuş aktivlərin sərbəst buraxılması və müharibənin səbəb olduğu itkilərə görə təzminat ödənilməsi daxildir.
Ən mühüm şərtlərdən biri kimi İranın Hörmüz boğazı üzərində suverenlik hüququnun tanınması qeyd olunur. Yalnız bütün bu tələblər icra edildiyi təqdirdə Vaşinqton etimad qazanılmasına və danışıqlar prosesinə qayıdışa ümid edə bilər.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp bəyan etmişdi ki, ölkəsi İranla sülh sazişini yalnız onun əlverişli şərtlərlə hazırlanacağı təqdirdə imzalamağa hazırdır. O, həmçinin Çin lideri Si Cinpin ilə görüşü zamanı İran ətrafındakı vəziyyəti ətraflı müzakirə etməyi planlaşdırdığını və bu mövzuda uzunmüddətli söhbətin aparılacağını ehtimal etdiyini bildirmişdi.
Hüseyn İbadlı

