Türkiyə millisinin Belçikaya 0:3 hesabı ilə məğlub olduğu UEFA Millətlər Liqası matçından sonra Arda Gülərin çıxışı İspaniya mətbuatında diqqət çəkib.
BEY.AZ xəbər verir ki, “Diario AS” Türkiyə millisinin uğursuz nəticələrini dəyərləndirərkən “Real Madrid”in futbolçusu Arda Gülərin performansına da yer ayırıb.
Nəşr “Arda Gülərin daimi kabusu!” başlığı ilə dərc etdiyi yazıda milli komandada futbolçunun ardıcıl çətin oyunlar keçirdiyini bildirib. Yazıda Türkiyənin İtaliya, Fransa və Belçika kimi güclü rəqiblərlə qarşılaşmalarda məğlub olduğu, bu görüşlərdə 8 qol buraxıb cəmi 1 qol vurduğu qeyd edilib.
Arda Gülərin Belçika ilə matçda komandasının oyununu yaxşılaşdırmaq üçün fəal çalışdığı vurğulanıb. Nəşr onun meydanın müxtəlif mövqelərində top axtardığını, ötürmələrində riskə getdiyini və sonadək mübarizə apardığını yazıb.
Gülərin 90-cı dəqiqədə cərimə zərbəsindən qola yaxın olduğu, lakin Belçika qapıçısı Senne Lammensin zərbəni dəf etdiyi bildirilib. Bununla belə, “Diario AS” futbolçunun matç ərzində son toxunuşlarda istənilən səviyyədə olmadığını qeyd edib.
Arda Güler Belçika ilə görüşdə aldığı sarı vərəqə səbəbindən Türkiyənin növbəti oyunu olan İtaliya ilə səfər qarşılaşmasında iştirak edə bilməyəcək.
