İsraildə oktyabrın 27-də keçiriləcək seçkilər ərəfəsində siyasi mənzərə daha da qarışıb.
BEY.AZ xəbər verir ki, “KAN” televiziyasının son sorğusuna əsasən, İsrailin keçmiş Baş Qərargah rəisi və “Yashar” partiyasının lideri Qadi Eisenkot 23 mandatla seçki yarışında hazırkı baş nazir Benyamin Netanyahunu qabaqlayır.
Məlumata görə, Netanyahunun rəhbəri olduğu “Likud” partiyasının isə 20 mandat qazanacağı gözlənilir. İfrat sağçı və ultra-ortodoks yəhudilərdən ibarət hazırkı hakim blok isə Ofer Vinterin “Amcha Yisrael” partiyasının dəstəyi ilə 52 mandata çatır.
Müxalifət blokunun mandat sayı isə əvvəlki sorğu ilə müqayisədə 55-dən 51-ə düşüb. Buna səbəb Yoaz Hendel və Yaron Zelekhanın yaratdığı yeni partiyanın seçki baryerini keçərək 4 mandat qazanacağına dair proqnozdur.
Beləliklə, nə hakim, nə də müxalifət bloku hökumət qurmaq üçün tələb olunan 61 mandatlıq çoxluğu təkbaşına əldə edə bilir.
İsrailin 120 yerlik Məclisində hökumət qurmaq üçün ən azı 61 deputatın dəstəyi tələb olunur. Bu səbəbdən seçkilərdən sonra koalisiya danışıqlarının həlledici olacağı gözlənilir.
Müəllif: Roza
