İsveçin baş naziri Ulf Kristersson İspaniyanın 1 milyondan çox miqrantı leqallaşdırmaq planını kəskin tənqid edib.
BEY.AZ xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Kristersson Madridin bu addımını “çox pis fikir” adlandırıb və bunun Şengen zonasının bütövlüyünə təhlükə yarada biləcəyini bildirib. Onun sözlərinə görə, İspaniyanın qərarı digər Avropa ölkələrinin miqrasiya siyasətini sərtləşdirmək səyləri ilə ziddiyyət təşkil edir.
İspaniyanın miqrantların leqallaşdırılması proqramı Aİ liderlərinin görüşündə də ciddi müzakirələrə səbəb olub. Almaniya, Danimarka və İtaliya liderləri də Madridin planına etiraz ediblər.
Məlumata görə, təxminən 1,2 milyon miqrant İspaniyada leqallaşdırılmaq üçün müraciət edib. Baş nazir Pedro Sançes isə bildirib ki, miqrasiya olmasaydı, ölkənin ÜDM-i 22 faizə qədər aşağı düşə bilərdi.
İspaniya son dövrlərdə miqrant axınının artması ilə də üzləşib. İyulun sonunda Şimali Afrikadakı İspaniya ərazisi olan Seutaya on minlərlə qeyri-qanuni miqrantın keçdiyi bildirilir. Hökumətin məlumatına görə, hadisələr zamanı 75 nəfər ölüb.
Miqrasiya məsələsi Aİ daxilində əsas fikir ayrılığı mövzularından biri olaraq qalır. 2026-cı ilin iyulunda Avropa İttifaqı miqrasiya siyasətinin sərtləşdirilməsinə çağırış edib.
Müəllif: Adəm
