Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Mark Rubio ilə telefon danışığı aparıb.
BEY.AZ xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Lavrov Rusiya Prezidenti Vladimir Putinin tapşırığı ilə Kiyevdə yerləşən və ordunun ehtiyacları üçün istifadə olunan obyektlərə, müvafiq qərar qəbuletmə mərkəzlərinə sistemli və ardıcıl zərbələr endirməyə başlaması barədə məlumatı rəsmi şəkildə Amerika tərəfinə çatdırıb.
Kiyevdə nümayəndəlikləri olan digər dövlətlərlə yanaşı, ABŞ-a da öz diplomatlarının və digər vətəndaşlarının Ukrayna paytaxtından təxliyəsini təmin etmək tövsiyə olunub.
“Lavrov və Rubio, məlum fikir ayrılıqlarına baxmayaraq, Rusiya və ABŞ-nin bir-birinin ərazisindəki diplomatik missiyalarının iş şəraitinin normallaşdırılması üzrə səyləri aktivləşdirmək barədə qarşılıqlı niyyətlərini təsdiqləyiblər”, – bəyanatda qeyd olunub.
