“X” sosial şəbəkəsi ilə bağlı işi araşdıran Fransa hüquq-mühafizə orqanları platformanın sahibi İlon Maskın həbsi üçün order tələb edə bilər.
Publika.az xəbər verir ki, bu barədə Paris prokuroru Lor Bekko “RTL” radiosunun efirində bəyan edib.
“Əgər araşdırmanın sonunda müstəntiqlər şübhələrin İlon Maskın cinayət məhkəməsinə çağırılması üçün kifayət qədər əsaslı ittihamlara çevrildiyinə əmin olsalar və o, çağırışlara cavab verməsə, onun məhkəməyə gəlməsini təmin etməyin yeganə yolu həbs orderidir”, – deyə prokuror bildirib.
Bekko dəqiqləşdirib ki, “X” işi üzrə təhqiqatı üç müstəntiq hakim aparır.
Fransa mediasının məlumatına görə, araşdırma ötən ilin yanvarında sosial şəbəkənin alqoritmləri ilə bağlı daxil olan şikayətlərdən sonra başlayıb. Təhqiqat həmçinin platformaya daxil edilmiş “Grok” çat-botunun Holokostu inkar edən materiallar dərc etməsi və süni intellekt tərəfindən yaradılmış seksual xarakterli təsvirlər yayması ilə əlaqədardır.
Paris prokurorluğu Maskı və “X”in keçmiş baş direktoru Linda Yakkarinonı aprelin 20-də dindirilməyə çağırıb. Maskın mayın 7-də çağırışa gəlməməsindən sonra prokurorluq ona qarşı ilkin araşdırmaya başlayıb.
Hüseyn İbadlı
