EvXəbərlərMessidən sonra Argentina millisinin bombardiri kim olacaq?

Messidən sonra Argentina millisinin bombardiri kim olacaq?

Published on

spot_img

Lionel Messi Argentina millisindəki karyerasını başa vurub. 208 oyunda 126 qol vuran ulduz futbolçu “Albiceleste” tarixinin ən məhsuldar oyunçusu kimi milli komandadan ayrılıb.
BEY.AZ xəbər verir ki, Messi çərşənbə günü Beninlə keçirilən yoldaşlıq görüşündə də fərqlənərək milli komandadakı qol sayını 126-ya çatdırıb.
Messinin ən yaxın izləyicisi isə 78 oyunda 56 qol vuran Qabriel Batistutadır. Beləliklə, argentinalı hücumçu ilə Messi arasında 70 qolluq böyük fərq yaranıb.
Batistuta yalnız ikinci pillədə qərarlaşsa da, Argentina millisinin ilk 10 bombardiri arasında ən yüksək qol ortalamasına sahibdir. Onun göstəricisi hər oyuna 0,72 qoldur.
Hazırkı nəsildən Messidən sonra əsas namizəd Lautaro Martinesdir. “İnter”in hücumçusu 86 oyunda 42 qol vuraraq Argentina millisinin tarixində üçüncü pillədə qərarlaşıb. O, 101 oyunda 42 qol vuran Serxio Aquero ilə eyni göstəriciyə malikdir.

Krespo Maradonanı geridə qoyub
Argentina millisinin tarixi bombardirləri arasında Ernandes Krespo 35 qolla beşinci yerdədir. O, 32 qolu olan əfsanəvi Dieqo Maradonanı geridə qoyub.
Qonsalo İquain və Anxel Di Maria isə hərəyə 31 qolla yeddinci pilləni bölüşürlər. Qol ortalamasında İquain 0,41 göstərici ilə Di Marianı (0,21) qabaqlayır.
Luis Artimenin hesabında 24 qol var. Ondan sonra Daniel Passarella və Leopoldo Yakinto Luk 22 qolla gəlirlər. Passrellanın müdafiəçi olması onun göstəricisini daha da diqqətçəkən edir.

Herminio Masantonio 19 qolla növbəti pillədədir. Xose Sanfilippo, Norberto Mendes və Mario Alberto Kempes isə hərəyə 18 qol vurublar.
Messinin milli komandadakı rekordları
Messi Argentina millisində ilk qolunu 1 mart 2006-cı ildə İsveçrədə Xorvatiyaya qarşı keçirilən yoldaşlıq görüşündə vurub.
Argentina Futbol Federasiyasının məlumatına görə, onun ən məhsuldar ili 2022-ci il olub. Messi həmin il milli komandada 18 qol vurub.
Ümumilikdə argentinalı ulduz yoldaşlıq görüşlərində 49, dünya çempionatının seçmə mərhələsində 36, Amerika Kubokunda 17, dünya çempionatlarında isə 13 qola imza atıb.
Messinin ən çox qol vurduğu rəqib Boliviya millisidir. O, bu komandaya qarşı 11 dəfə fərqlənib.
Ulduz futbolçunun statistikasında bir oyunda 5 qol, 9 het-trik və 13 dubl da yer alır. Messi Argentina millisində keçirdiyi matçlarda orta hesabla hər oyuna 0,61 qol vurub.

Latest articles

More like this